Bakıda avtomobil yolu çöküb
05 Aprel 2010 Bazar Ertəsi 16:00
Səbəb isə yenə də asfaltın altındakı su borusunun partlamasıdır.
Bakı şəhəri Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində avtomobil yolu çöküb. Hadisədən narahat olan Binəqədi rayon sakinləri ANS PRESS-ə müraciət edərək bildirdilər ki, təxminən üç il bundan əvvəl təmir edilmiş yolda çökmə baş verib. Məsələ ilə bağlı maraqlanan isə yoxdur.
Ünvana getdikdə, ərazidə aidiyyatı şəxslərdən heç kəs yox idi. Hadisəni xəbər verən vətəndaş Mirzəliyev Paşa bunları söylədi: “Gördüyünüz hadisə dünən baş verib, rəsmi dairələrə müraciət etsək də, maraqlanan yoxdur. İstədik ki, sizin köməkliyinizlə bir daha aidiyyati şəxslər hadisəylə bağlı məlumatlandırılsın”.
Qəza yerinə çağırışımız əsasında gələn Binəqədi rayon Dövlət Yol Polis şöbəsinin, Yol Patrul Xidmətinin Tağım Komandiri Natiq Mövlayev faktla bağlı bunları dedi: “Yol çöküntüsü dünən saat 20:00 radələrində baş verib. Hadisə ilə əlaqədar dünəndən yerli İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə, Azəryolservis ASC-nin «Yolların Mühafizə Xidməti» MMC-yə məlumat verilib".
Bəs, dünəndən bəri niyə müvafiq tədbirlər görülməyib sualını, Natiq müəllim, “bizim səlahiyyətimiz baş verən qəza haqqında lazımi orqanları xəbərdar etməkdir, onu da yerinə yetirmişik”, deyə cavablandırdı.
Çəkiliş qrupumuzla birgə Binəqədi rayon İcra Hakimiyyətinə yollandıq. Torpaq çökməsi xəbərini bizdən alan İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Aslanovla birgə yenidən hadisə yerinə qayıtdıq.
Daha sonra, çəkilişdən xəbər tutan «Yolların Mühafizə Xidməti»nin əməkdaşları, Binəqədi rayon su kəmərləri istismar sahəsinin rəisi Ədalət Mütəllimov və digər rəsmi şəxslər hadisə yerinə gəldi. Yolun çökməsinə münasibət bildirən Bakı su kəmərinin Binəqədi rayon su kəmərləri istismarı sahəsinin rəisi Ədalət Mütəllimov, hadisədən indi xəbər tutduğunu söylədi.
Qəza ilə bağlı birbaşa məsuliyyətli olan «Yolların Mühafizə Xidməti»nin əməkdaşı Müqəddəs Əhədov, əvvəlcə məsələyə münasibət bildirməkdən imtina etdi və hətta fotoçəkilişə mane olmağa çalışdı. Sonradan qəzanın ciddi olduğunu görən Müqəddəs müəllim işə texnika cəlb etdi və qazıntı işlərinə başlanıldı. Məlum oldu ki, yolun altı ilə gedən su borusu deşilib. Qəzanın aradan qaldırılmasına başlanıldı. Sonda Müqəddəs müəllim söz verdi ki, təmir işləri bitəndən sonra, yol torpaqla doldurulacaq və asfaltlanacaq. Təki elə olsun! ANSPRESS
DOSTLARINLA PAYLAŞ: