Martın 26-dan 29-na kimi Bakı şəhəri Heydər Əliyev adına İdman və Sərgi Kompleksində 6-cı Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi keçiriləcək. ANS PRESS-in məlumatına görə, bu məqsədlə sərginin təşkilatçılarından biri olan İteca Caspian şirkəti mətbuat konfransı keçirib. Şirkətin direktoru Fərid Məmmədov bildirib ki, sərgidə dünyanın 15 ölkəsindən 50-dən artıq şirkət iştirak edəcək. Sərgi çərçivəsində 2009-cu ilin avtomobili elan edilmiş “Opel İnsignia” avtomobilinin təqdimatı keçiriləcək, “Qaz” Qrupu “Siber” avtomobilinin ekspozisiyası ilə çıxış edəcək. Şirkət rəhbərinin sözlərinə görə, sərginin ekspozisiyasında minik avtomobilləri, furqon və pikaplar, yük avtomobilləri, kommunal texnika, ictimai nəqliyyat və sığortalama “Kommersiya nəqliyyatı” bölməsi geniş təmsil olunacaq.
“AutoShow” Avtomobil Sərgisində “AzTexnika” şirkəti ilk dəfə olaraq mütəxəssislərin diqqətinə Amerikanın “MACK” özüboşaldan yük maşınlarını təqdim edəcək, “Russkiye avtobusı” şirkəti şəhər üçün ən yeni “KAVZ 4239” alçaq döşəmə avtobusunun təqdimatını keçirəcək. F. Məmmədovun sölərinə görə, dünyada baş verən iqtisadi böhranla əlaqədar sərginin həcmində əvvəlkilərlə müqayisədə 25% azalma olub.
“AutoShow” ilə bərabər 3-cü Azərbaycan Beynəlxalq Ehtiyat Hissələri, Aksessuarlar və Xidmət Avadanlıqları Sərgisi “AutoParts” keçiriləcək və ehtiyat hissələri, aksessuarlar və servis avadanlıqları sektorunu təqdim edəcək. Sərgidə dünyanın 12 ölkəsindən 20-dən çox iştirakçı şirkət qeydiyyata alınıb. Ekspozisiyalarda ehtiyat hissələri istehsal edən Aral, Febi, Hengst, Pex və digər tanınmış brendlər nümayiş olunacaq.
/ANS PRESS/