Bakıda ASAİF-in IX Beynəlxalq Yay Forumu keçirilir
26 Avqust 2011 Cümə 13:21
Forumda ilk dəfə olaraq 35-dən çox ölkədə təhsil alan azərbaycanlı gənclər iştirak edirlər
Bu gün Bakıda Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) “Bakı gənclər diyarı” adlı IX Beynəlxalq Yay Forumu keçirilir. Əvvəlcə ASAİF-in yaranma tarixindən bəhs edən film təqdim olunub.
Forumu açan ASAİF-in sədri Orxan Əkbərov bildirib ki, “Azərbaycan sənin ağlından interaktiv faydalansın” devizi altında keçirilən ikigünlük tədbirin məqsədi xarici ölkələrdə təhsil alan gənclərin şəbəkələşmə prosesini gücləndirmək, ortaq azərbaycançılıq dəyərləri ətrafında birləşərək respublikamızın xaricdə təbliğinin daha səmərəli təşkilində, informasiya mübadiləsində, təbliğat işinin interaktiv qurulmasında gənclərimizə kömək etməkdir.
ASAİF-in sədri diqqətə çatdırıb ki, Forumda ilk dəfə olaraq 35-dən çox ölkədə təhsil alan azərbaycanlı gənclər iştirak edirlər.
Forumun birinci günündə dövlət və hökumət rəsmilərinin, ASAİF-in xarici ölkələr üzrə nümayəndələrinin məruzələri, o cümlədən iştirakçıların fərqli mövzuları əhatə edən işçi qruplar üzrə müzakirələrə cəlb olunmaları planlaşdırılır. Müzakirələr əsasən “Qarabağı tanı və tanıt – təbliğatın yeni metodları”, “Eurovision-2012 paytaxtını kəşf et”, “Azərbaycan sosial mediada”, “Azərbaycanın akademik təbliğatı” mövzuları ətrafında aparılacaq. Sonra mövzularla bağlı təkliflər forumun illik iş planına salınacaqdır.
Forum iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanda təhsilə, gənclərə göstərilən qayğıdan və bu sahədə ASAİF-in gördüyü işlərdən danışıb.
Nazir bildirib ki, hazırda 10 minə yaxın azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində təhsil alır. Bu say sürətlə artır. M.Mərdanov vurğulayıb ki, respublikamızdan ilk dəfə olaraq 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin təşkilatçılığı ilə 100 nəfər xaricə oxumağa göndərilib. Lakin sonradan onların çoxunun taleyi bəlli olmayıb. Xaricdə təhsillə bağlı ikinci dalğa isə 1960-1980-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlayıb.
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev forumun keçirilməsini yüksək qiymətləndirib, ölkəmizdə gənclərə olan dövlət qayğısından danışıb. H.Paşayev qeyd edib ki, azərbaycanlı gənclərin xaricdə təhsil alması Azərbaycan həqiqətlərinin dünyada təbliğ edilməsində çox böyük rol oynayır.
DOSTLARINLA PAYLAŞ: