Bakıda 7 yeraltı tunel tikilir
15 Mart 2010 Bazar Ertəsi 16:35
Paytaxtda mindən artıq avtomobilin yerləşəcəyi və liftlə təhciz olunmuş 3 mərtəbəli daynacaq da qurulur
Bakı şəhərinin, xüsusilə də “Gənclik” metrostansiyası istiqamətində yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq üçün "Qələbə dairəsi" ətrafında yeni yeraltı keçidlərinin inşasına başlanıb. Tikinti işlərini həyata keçirən şirkətin layihə rəhbəri Aslan İsmayılovun ANS TV-yə verdiyi məlumata görə, ərazidə kompleks şəkildə ümumilikdə 7 yeraltı tunelin tikilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, tunellərdə işıqfor və nəqliyyat kəsişməsi olmayacaq. Yeraltı keçidlərin ən böyüyü Atatürk prspekti ilə Vaqif küçəsinin kəsişməsində olacaq. Daha bir tunel Fətəli xan Xoyski prospektində yerləşəcək.
Bundan başqa, Qələbə dairəsində sahəsi 10 min kvadratmetr olan böyük bir yeraltı avtodayanacaq tikiləcək. Layihə rəhbərinin sözlərinə görə, mindən artıq avtomobilin yerləşəcəyi üçmərtəbəli daynacaqda, avtomobillər üçün lift də qoyulacaq.
Layihə rəhbərinin sözlərinə görə, hazırda ərazidə çox sayda kommunikasiya xətlərinin yerini dəyişmək lazımdır və bu da tikinti işlərinin bir müddət uzanmasına gətirib çıxaracaq. O cümlədən, tunel çəkilişləri zamanı “Gənclik” metrostansiyasına girişlərdən birinin də bağlanması və ya yerinin dəyişdirlməsi nəzərdə tutulur.
Qeyd edək ki, artıq Fətəli xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində də yeraltı keçidin tikintisi həyata keçirilir. Bu keçid vasitəsi ilə hər iki istiqamətdən gələn avtomobillər də "Qələbə dairəsinə" çıxacaqlar.
Sahə rəisi Mahir Göyüşovun sözlərinə görə, tunelin uzunluğu 300 metr , eni 29 metr olacaq. Koroğlu Rəhimov küçəsinə perpendikulyar şəkildə gələn maşınlar Fətəli xan Xoyski prospektinə doğru, o cümlədən əksinə çıxacaqlar. Hazırda həmin ərazidə nəqliyyatın hərəkətində ciddi problem yaşanmır. Buna baxmayaraq, tıxacların qarşısını almaq üçün müvəqqəti olaraq əlavə yolların da çəkilişi nəzərdə tutulur.
Qeyd edək ki, "Qələbə dairəsi"ndə aparılan tikinti işlərinin bir ildən artıq müddətə tamamlanması nəzərdə tutulur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: