Bakıda və Abşeron yarımadasında iyulun 13-də hava günəşli olacaq, cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gündüz 35-38, axşam 24-27, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq. İyulun 14-də hava günəşli olacaq, şimal küləyi əsəcək, gündüz cənub küləyinə keçəcək. Havanın temperaturu gecə 21-25, gündüz 36-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun hərarəti 27-28 dərəcə isti olacaq. İyulun 15-də havanın günəşli olacağı, şimal küləyinin əsəcəyi, arabir nisbətən güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 35-37 dərəcə isti olacaq. İyulun 16-da hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal küləyi əsəcək, gecə və səhər arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 35-37 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 14-də hava yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 35-39 dərəcə, bəzi yerlərdə 41 dərəcə, dağlarda gecə 13-18 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq. İyulun 15-16-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 36-39 dərəcə, bəzi yerlərdə 41 dərəcə, dağlarda gecə 13-18 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında anomal isti hava şəraiti ilə əlaqədar gündüz saatlarında qızmar temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün risklidir.
APA