Bakı Trabzon Bakı aviareysi bərpa olundu
17 May 2011 Çərşənbə Axşamı 22:37
Bakı Trabzon Bakı aviareysi bərpa olundu. Gələn ay AZAL Türkiyənin daha iki şəhərinə uçuşlar həyata keçirəcək.
Türkiyə ilə Azərbaycan arasında növbəti hava xətti açıldı. Bakı-Trabzon-Bakı reysinin ilk sərnişinləri yenə də jurnalistlər olub. Bundan sonra azərbaycanlı turistlər bu şəhərə daha rahat gedib-gələ biləcəklər.
Uçuşlar ATR-42 təyyarəsi ilə həftədə 2 dəfə - çərşənbə və şənbə günləri həyata keçiriləcək. İki tərəfli uçuş sərnişinlərə 310 manata, birtərəfli isə 209 manata başa gələcək. Ən əsası isə yeni reys sərnişinlərə vaxt itkisinin qarşısını almağa imkan verəcək.
Trabzon hava limanının baş müdiri Vedat Atabəyin sözlərinə görə, bu reysin açılması ölkələr arasındakı əlaqələrin getdikcə daha da gücləndiyini göstərir. O bildirib ki, bu uçuşlar iki qapının birləşməsi anlamına gəlir: “Biz limanımız olaraq sizləri burada görməyə çox şadıq. Keçənilki uçuş sayı və nəqliyyatı ilə müqayisə etsək, bu il biz 25 faiz artım gözləyirik. Bunu azərbaycanlı dost və qardaşlarımızla birlikdə etmək istəyirik”.
AZAL ASC prezidentinin köməkçisi Məhərrəm Səfərli yaxın vaxtlarda Türkiyənin daha iki şəhərinə reyslərin açılacağını deyib. Onun sözlərinə görə, Trabzon Türkiyəyə uçduğumuz 4-cü şəhərdir: “Gələn ay isə “Azərbaycan Hava Yolları” Türkiyənin daha iki şəhərinə - Bodrum və Antalyaya uçuşlar həyata keçirəcək. Bu uçuşlar da ilk uçuşlardır. Amma mövsumi xarakter daşıyır”.
Qeyd edək ki, hazırda AZAL 25 ölkəyə uçuş həyata keçirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: