Bakı şəhər Qaz İstismar İdarəsi ləğv edilib
28 Yanvar 2010 Cümə Axşamı 21:05
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin idarəçilik sistemində paralelliyin aradan qaldırılması üçün islahatlar aparılır.
Şirkətdən bildirilib ki, qərarların verilməsində ləngimələr qazın qəbulu və nəqli zamanı itkilərin yaranmasına, istehlakçıların qazla fasiləsiz və təhlükəsiz təmin olunmasında müəyyən çətinliklərə səbəb olur. Bundan əlavə, baş verən qəza halları barədə məlumatların rayon qaz istismar sahələrindən Bakı şəhəri Qaz İstismarı İdarəsinin “Mərkəzi qəza dispetçer xidməti”nə və “Azəriqaz” İB-nə pilləli şəkildə ötürülməsi problemlərin operativ həllini ləngidir. Bütün bunlar nəzərə alınaraq, indiyədək ARDNŞ-nin “Azəriqaz” İB tərəfindən idarəetmə mexanizminin gücləndirilməsi, yeni yaşayış massivlərinin qazlaşdırılması və qaz sayğaclarının quraşdırılması işlərinin effektivliyinin artırılması, kommersiya prosesinə nəzarətin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi, əsaslı təmir-tikinti işləri üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı qarşıya çıxan məsələlərin operativ həll edilməsi məqsədi ilə Bakı şəhəri Qaz İstismarı İdarəsinin İdarəetmə aparatında, onun yerli strukturlarında fəaliyyət göstərən müvafiq bölmələr ləğv edilərək, daha çevik qurumlarla əvəzlənib.
Birliyin idarəetmə mexanizminin təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində fəaliyyət hazırda davam etdirilir. Belə ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin yanvarın 26-da imzaladığı əmrlə Bakı şəhər Qaz İstismar İdarəsi ləğv edilib. Əmrə əsasən, Bakı şəhəri Qaz İstismarı İdarəsinin tərkibində fəaliyyət göstərən rayon Qaz İstismar Sahələri və Abşeron rayon Qaz İstismar Sahəsi hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi “Azəriqaz” İB-nin birbaşa tabeliyinə verilib. APA
DOSTLARINLA PAYLAŞ: