Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
19 Avqust 2011 Cümə 12:36
Sürüşmə zonasındakı vəziyyət tam sovuşmayınca adıçəkilən ünvana avtomobillər buraxılmayacaq
Bakının Bayıl yamacında sürüşmə təhlükəsi ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, məlum sürüşmə təhlükəsi ilə əlaqədar həmin əraziyə Dövlət Yol Polisi tərəfindən baxış keçirilib. Baxış zamanı ərazidə torpaq sürüşməsinin davam etdiyi müşahidə olunub. Sürüşmə prosesinin davam etdiyi nəzərə alınaraq Teymur Elçin küçəsindən Xanlar küçəsi 1 ünvanınadək hər iki istiqamətdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. Ərazidə təhlükəli vəziyyət tam sovuşmayınca adıçəkilən ünvana avtomobillər buraxılmayacaq.

Qeyd edək ki, Bayıl yamacında yenidən sürüşmə təhlükəsi yaranıb. Təhlükə zonası “Əbədi məşəl” kompleksinin yaxınlığından “Gülüstan” sarayına doğru uzanan ərazini əhatə edir. Ərazidə kiçik çatlar əmələ gəlib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri təhlükə zonasında bərkitmə işləri aparırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar