Bakı Şamaxı Muğanlı yolunda elektron monitorlar qurulacaq
27 İyun 2011 Bazar Ertəsi 11:27
Bakı Şamaxı Muğanlı yolunda qurulan elektron monitorlarda sürət həddi, havanın temperaturu və s. göstəriləcək.
Bakı-Şamaxı-Muğanlı avtomobil yolunda elektron monitorlar qurulacaq. Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov bildirib ki, bu monitorlarda sürət həddi, havanın temperaturu və s. göstəriləcək. Bundan başqa bu yolda müxtəlif yol hərəkəti işarələrinin də elektron formada tətbiqi nəzərdə tutulub.
“Azərinşaatservis” Məhdud Məsuliyyətli Cəmiyyətlə (MMC) “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti arasında “Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 15-45 kilometrlik hissəsinin dörd zolaqlıya genişləndirilməsi” layihəsinin icrası ilə əlaqədar bağlanan müqaviləyə əsasən MMC yaxın günlərdə baş podratçı kimi layihə üzrə tikinti işlərinin icrasına başlayacaq. Layihə üzrə genişləndirilməsi nəzərdə tutulan yolun uzunluğu 30 kilometrdir və yol ikizolaqlıdan dördzolaqlıya genişləndiriləcək. İki gediş, iki gəliş olmaqla hərəkət zolaqlarının hər birinin eni 3,75 metr olacaq. Layihəyə əsasən 4 avtobus dayanacağı, 2 piyada keçidi də tikiləcək.
I B texniki dərəcəyə aid edilən bu yolda genişləndirmə işlərinin həyata keçirilməsi üçün ilkin olaraq təxminən 2 il vaxt nəzərdə tutulu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: