Bakı - Pekin reysi berpa olur
15 İyul 2013 Bazar Ertəsi 11:13
AZAL-ın təyyarələri həftənin iki günü Pekinə uçuş reallaşdıracaq.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Pekinə uçuşları bərpa edir. AZAL-dan ANS PRESS-ə verilən məlumata görə, əvvəllər açılışı may ayında nəzərdə tutulan bu reys, Çin tərəfinin aviaşirkətlər qarşısında qoyduğu yeni tələblərlə əlaqədar, müvəqqəti olaraq təxirə salınmışdı.
Uçuşlar müasir və komfortlu Airbus A-340 və Boeing 767 tipli təyyarələrlə, həftədə iki dəfə, aşağıdakı qrafik üzrə yerinə yetiriləcək:
Bakı – Pekin, həftənin ikinci və beşinci günləri,
Bakıdan uçuş - 15.15, Pekinə eniş - 01.15+ (növbəti gün)
Pekin – Bakı, həftənin üçüncü və altıncı günləri,
Pekindən uçuş – 05.45, Bakıya eniş – 10.45.
Bakı-Pekin-Bakı istiqamətindəki ekonom sinifli aviabiletlərin minimal qiyməti 473 avro təşkil edir (yığımlar və rüsumlar daxildir).
Həmçinin, qeyd etmək istərdik ki, “Azərbaycan Hava Yolları” QSC Çinin əməkdaş aviaşirkətləri ilə birgə, öz sərnişinlərinə Pekindən Çinin digər şəhərlərinə (Quanjou, Şanxay, Şenjen, Xanjou, Jenqjou, Ksian (Sian), Çenqdu və s.), eləcə də Şərqi və Cənub-şərqi Asiya ölkələrinin hava limanlarına uçuşlar üçün xüsusi tariflər təqdim edəcək.
İlk reysin sərnişinlərini çox maraqlı hədiyyələr gözləyir.
DOSTLARINLA PAYLAŞ: