Bakı metrosunda sınaqdan keçirilən yeni qatarların qapıları əyildi
29 Yanvar 2013 Çərşənbə Axşamı 15:24
Qatarlar sərnişin sıxlığından "üzüağ" çıxa bilmədi.
Son günlər Bakı Metropolitenində qatarların hərəkətində yubanmalar müşahidə olunur. Yubanmalar əsasən də sərnişinlərin gur olduğu vaxtlarda baş verir. Bu da isə sonda sərnişin sıxlığı ilə nəticələnir. Elə bu səbəbdən də, saat 09:00-dan saat 13:00-a qədər, eləcə də, 18:50-dən saat 21:00-a qədər metronun “20 yanvar”, “Elmlər Akademiyası”, “28 may”, “Xalqlar Dostluğu”, “Neftçilər” metrostansiyalarında qatarlara minmək insana əsl fəlakət kimi görünür. Həmin saatlarda “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində əksər stansiyalarda qaratlarda basabas olur. Vəziyyət o yerə çatır ki, nəzarətçilər, polislər sərnişinləri qatarlara itəliyib salır. Qatarlarda gedərkən isə nəfər almaq mümkün olmur.
Bəzən isə “Həzi Aslanov” stansiyasında qatara minərkən xəttin “Dərnəgül” stansiyası istiqamətinə getdiyi yazılır. Lakin sonradan həmin istiqamət yarıyolda dəyişdirilir.
Maraqlısı odur ki, bu acınacaqlı vəziyyət getdikcə pisləşir. Bu halın həlli istiqamətində isə heç bir tədbirlər görülmür. Bu fikrə Bakı Metropolitenin Hərəkət xidmətinin rəisi Hidayət Məmmədovun ANS PRESS-ə açıqlamasını nəzərdən keçirtdikdən sonra gəlmək olar. Çünki metropoliten rəsmisinin sözlərinə görə, hazırda metrodada heç bir sərnişin sıxlığı müşahidə olunmur.
“Əksinə metroda sərnişin azalması müşahidə olunur. Sərnişinlər tam rahat şəkildə metrodan istifadə edirlər. Heç bir basabasdan söhbət belə gedə bilməz”, - deyən H.Məmmədov görünür ya qatarlara xüsusi mühafizə altında minir, ya da, sərnişinlərin sıx olduğu vaxtlarda metroda olmur.
Metroda qatarlar arasında intervala gəlincə, H.Məmmədov bunun müəyyən vaxtlar ərzində dəyişdiyini deyir. PİK saatlarında qatarlar arasında interval 2 dəqiqə, sonra isə 3-5 dəqiqə olur. Axşamlar, sərnişinlərin çox az olduğu bir vaxtda isə interval hətta 8-10 dəqiqə olur.
Hidayət Məmmədov Bakı Metropolitenində mövcud problemlərlə əlaqədar digər suallarımıza cavab verməkdən imtina etdi.
Qurumun mətbuat xidmətindən bildirdilər ki, Bakı Metropolitenində sərnişin sıxlığının qarşısını almaq məqsədilə atılan addımlardan biri, yeni vaqonların gətirilməsi də işə yaramayıb.
Sınaq üçün xəttə buraxılan 5 vaqonun aqibəti də acınacaqlı olub. Az bir müddət istismardan sonra yeni vaqonların qapıları əyilib. Qeyd edək ki, ümumiyyətlə 1 milyon 500 min insanın istifadəsi üçün nəzərdə tutulan Bakı Metropoliteni indi 4 milyondan çox əhaliyə xidmət göstərir.
DOSTLARINLA PAYLAŞ: