Bakı metrosu işini bərpa etməyib
09 Fevral 2010 Çərşənbə Axşamı 14:45
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib ki, artıq metroya qismən enerji verilib.
Bakı şəhərində elektrik enerjisinin dayandırılması ilə bağlı Bakı Metropoliteninin stansiyalarında yaranmış problem hələ aradan qaldırılmayıb. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib ki, artıq metroya qismən enerji verilsə də, qatarların hərəkəti hələ də bərpa olunmayıb.

“Hazırda heç bir stansiyada sərnişinlərin içəri daxil olmasına icazə verilmir. İçəridə qalmış sərnişinlər isə Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin köməyi ilə çıxarılır. Elektrik verilişinin bərpa olunmasına baxmayaraq, stansiyalarda qatarlar hərəkət etmir. Enerjinin qəfil kəsilməsi nəticəsində işarəverici qurğularda sistemin pozulmasıdır”.

Qeyd edək ki, bu gün saat 11.55 radələrində bütün paytaxtda işığın qəfil kəsilməsi metronun işinə də təsir edib. Enerji təchizatının qəfil kəsilməsi nəticəsində qatarları tuneldə qalıb, metronun ventilyasiya sistemi dayanıb. Metropoliten işçiləri tərəfindən qatarlardan və stansiyalardan sərnişinlər evakuasiya olunub.

Hadisə ilə bağlı Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və Metropolitenin rəsmiləri stansiyalarda sərnişinlərin evakuasiyasında iştirak ediblər. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin bütün qüvvələri və xilasedicilər, həmçinin Bakı şəhər Baş polis idarəsinin şəxsi heyəti metro stansiyalarının qarşısına cəlb olunub. Bakı Metropolitenində elektrik enerjisinin kəsilməsi ilə əlaqədar metrostansiyalara yanğınsöndürmə briqadaları və xilasedicilər göndərilib. Paytaxt polisi də baş vermiş hadisə ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Stansiyaya elektrik enerjisinin verilməsi yalnız saat 12: 27-də bərpa olunub. Stansiyanın dispetçer məntəqəsindən aldığımız məlumata görə, elektrik metroya ehtiyat qida blokundan verilib və bu enerji bir neçə saat təminatı ödəyə bilər. Stansiyaya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunub. Aparılan araşdırmalar nəticəsində tuneldə sərnişin və qatar qalmadığı müəyyənləşdirilib.

Səbail rayon yanğından mühafizə idarəsinin rəisi Camal Hacıyev ANS-ə bildirib ki, araşdırmalar nəticəsində stansiyada və tuneldə hər hansı yanğın hadisəsi qeydə alınmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar