Bakı Metropoliteninin 19 stansiyasında ticarət dayandırıldı
17 Mart 2014 Bazar Ertəsi 10:36
Günün sonuna kimi "Xalqlar Dostluğu" və "İnşaatçılar" stansiyasında ticarət obyektlərinin sökülməsi başa çatacaq.
Bu günün sonuna qədər Bakı Metropoliteninin bütün stansiyalarında ticarət obyektləri tamam yığışdırılacaq. Bu saata qədər isə metronun 21 stansiyasından 19-da artıq ticarət obyektləri yığışdırılıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov ANS PRESS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bütün bu işlər Bakı şəhər merinin xüsusi sərəncamı əsasında həyata keçirilir. ""Xalqlar Dostluğu" və "İnşaatçılar" stansiyasında ticarət obyektləri qalıb. Bu günün sonuna qədər həmin stansiyalarda da ticarət obyektləri söküləcək".
Əlabbas Bağırov onu da əlavə edib ki, ticarət obyektlərinin sahiblərinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “Amay” və “Yeni Günəşli” ticarət mərkəzlərində, “Keşlə”, “Yaşıl” və “Şərq” bazarlarında yerlər təklif olunur.
“Sahibkarlar 3 ay ərzində dövlət rüsumundan azad olunacaq. Bütün köçürülmə işlərinin xərcləri də bizim tərəfimizdən ödənilir”.
Qeyd edək ki, Bakı Metropolitenində ümumilikdə 1194 ticarət obyektinin sökülməsi planlaşdırılıb.
DOSTLARINLA PAYLAŞ: