Bakı Metropolitenin bəzi stansiyalarının adı dəyişdirilir
11 Aprel 2011 Bazar Ertəsi 15:50
Bakı Metropoliteni bəzi stansiyaların adlarının dəyişdirilməsi, yeni stansiyalara adların verilməsi təklifi ilə Azərbaycan Milli Məclisi yanında Toponimiya Komissiyasına müraciət edib.
APA-nın məlumatına görə, bu məsələ Komissiyanın bu gün keçirilən iclasında müzakirə olunub.
Metropolitenin rəisi Tağı Əhmədovun imzası ilə daxil olan məktubda 4 stansiyanın adının dəyişdirilməsi, 4 stansiyaya isə adın verilməsi təklif olunub.
Metropoliten «Məşədi Əzizbəyov» stansiyasının adının dəyişdirilməsi üçün 3 ad – “Heydər Əliyev” prospekti, “Böyükşor”, “Xəzər”, “Ulduz” stansiyasına “Araz” və ya “Səməd bəy Mehmandarov”, “Bakmil” stansiyasına “Əliağa Şıxlınski”, “İnşaatçılar” stansiyasına isə “Yasamal” adının verilməsini təklif edib.
Yeni stansiyalardan isə Yeni Avtovağzalın yaxınlığında inşa olunacaq stansiyaya “Avtovağzal”, Binəqədi rayonu, 7-ci mikrorayonda Süleyman Sani Axundov küçəsində inşa olunan stansiyaya “Dərnəgül”, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsində inşa olunan stansiyaya “Cavadxan”, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi küçədə inşa olunan stansiyaya isə “Dərnəgül” elektrik deposu adının verilməsi təklifi ilə çıxış edib.
İclasın yekununda məsələnin mütəxəssislər tərəfindən araşdırılması qərara alınıb.
Bakı Metropoliteni stansiyaların adlarının dəyişdirilməsi zərurətini bu adların sovet dövrünün rəmzlərinin ifadə etməsi ilə əsaslandırıb.
DOSTLARINLA PAYLAŞ: