Bakı kəndlərini yeni yol birləşdirəcək
02 Sentyabr 2011 Cümə 11:34
İnşa edilən 6 zolaqlı yolun uzunluğu 42,5 kilometrdir
Bilgəh, Nardaran, Kürdəxanı və Pirşağı kəndlərindən keçən yeni avtomobil yolu inşa olunur. Day.Az-ın məlumatına görə, bunu Nəqliyyat Nazirliyi yanında "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov deyib.
Onun sözlərinə görə, inşa edilən 6 zolaqlı yolun uzunluğu 42,5 kilometrdir.
"Hazırda inşaat işləri yolun 14-cü kilometrində aparılır. Yeni yol tikintisi planına düşmüş müəyyən sayda ticarət obyektləri artıq sökülüb. Obyektlərin sökülməsi qanuni əsaslarla aparılıb, sahiblərə kompensasiya ödənilib. Başqa ticarət obyektləri də söküləcək, amma onlara hələ növbə çatmayıb", - P.Mürsəlov dedi.
P.Mürsəlovun sözlərinə görə, hazırda yolda tunel tipli yol keçidi inşa edilir. Bu ilin sonunadək istifadəyə veriləcək tunelin uzunluğu 60 metr, eni isə 23,5 metrdir.
Yolun 14-cü kilometrində işlərin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulub. İlk mərhələ bitəndən sonra yolun digər sahələrində inşaata başlanacaq.
P.Mürsəlov bildirdi ki, işlərin tam başa çatacağı tarix hələ məlum deyil: "Hər şey ticarət obyektlərinin sökülmə müddətindən asılıdır: "Yeni yol istifadəyə veriləndən sonra nəqliyyat vasitələri Bakı-Şamaxı və Bakı-Rusiya traslarına çıxa biləcəklər. Tikinti işləri yüksək səviyyədə aparılır. Yeni yol müasir standartlara cavab verəcək".
DOSTLARINLA PAYLAŞ: