Bakı Funikulyoru sökülür?
22 Noyabr 2011 Çərşənbə Axşamı 21:57
Funikulyorun təmir və bərpası üçün büdcədən 8 milyon manatın ayrılması nəzərdə tutulub.
Ötən əsrin 60-cı illərindən şəhər sakinlərinin ixtiyarına verilən nəqliyyat vasitəsi, eləcə də atraksion kimi qəbul etdiyimiz funikulyor artıq bir neçə dəfədir ki, təmir olunur. Bakı Funikulyorunda söküntü işləri gedir. Hazırda funikuloyrun Şəhidlər Xiyabanına çıxan gözləmə zalı tamamilə sökülüb. Relslər çıxarılıb, vaqonlar götürülüb.

Qeyd edək ki, Bakı Funikulyoru bu ilin aprelində təmirə dayanıb. Amma təmir işlərinin yekunlaşmasına az qalmış təmirlə bağlı plan dəyişdirilib. Hazırda təmirdə olan funikuliyorun gələn ilin mayına, “Eurovision” mahnı müsabiqəsinə qədər istismara veriləcəyi bildirilir. Funikulyorun tikintisi haqqında məlumatlar yalnız bunlardan ibarətdir. Tikintini aparan şirkət, eyni zamanda tikintidə aidiyatı orqanlar olan Funikulyor İdarəsi və Bakı Şəhər İcra Hakimyyəti isə layihə barədə ətraflı məlumatları açıqlamaq istəmədi.

Xatırladaq ki, Bakı Funikulyoru 1960- cı il mayın 5-də istifadəyə verilib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən funikulyor 4 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edir. Vaqonlar arası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olub. Uzun müddət fəaliyyətsiz qalan funkulyor isə əsaslı təmirdən sonra 2001-ci ildə yenidən istismara buraxılıb. 6 ildən sonra obyektdə təmir işlərinə başlanılıb. 2007-ci ildən bəri funkulyorda bir neçə dəfə təmir işləri aparıldığından obyektin fasiləsiz işini təmin etmək mümkün olmayıb.

Mütəxəssislər isə bildirir ki, əslində 2007-ci ildən sonra funikulyor normal işləyib və təmirə ehtiyac yox idi. Funikulyorun bərpası “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar deyil. Çünki dövlət investisiya proqramı yanvar ayında təsdiqlənəndə, Azərbaycanın yarışın qalibi olacağı bilinmirdi. İnvestisiya layihələrinin icrasını araşdıran ekspertlər deyir ki, əsasən neft pulları hesabına formalaşan büdcə vəsaitlərinin bu cür layihələrə ayrılması düzgün deyil.

Ekspertlər bildirir ki, belə layihələrin smeta sənədləri açıqlanmalı, tikinti şirkəti tender nəticəsində seçilməlidir. Ekspert Ramin Osmanlının sözlərinə görə, bu cür layihələr bələdiyyələr, ya da kommersiya layihələri olmalıdır: “Bu halda dövlətin pulu cibindən çıxmazdı. Əksinə, dövlət bu layihəyə investisiya qoya bilərdi. Ən pis halda isə bu, bələdiyyə qurumları tərəfindən aparıla bilərdi”.

R. Osmanlının fikrincə, bu cür layihələrin büdcədən maliyyələşməsi yaxşı heç nə vəd etmir. Sonradan saxlanma xərcləri yarana bilər.

Maliyyə Nazirliyindən verilən məlumata görə, funikulyorun təmir və bərpası investisiya proqramına daxil edilib. Bunun üçün büdcədən 8 milyon manatın ayrılması nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar