Bakı əhli saniyədə 5 kubmetr su fasiləsiz ala biləcək
22 İyun 2011 Çərşənbə 21:49
Oğuz-Qəbələ-Bakı su kəməri 3 aydan sonra tam gücü ilə işləyəcək.
Oğuz-Qəbələ-Bakı su kəmərindən Bakı sakinlərinin tam yararlanması üçün paytaxtda tikinti işləri 3 ay ərzində yekunlaşacaq. Bununla da Bakı əhli fasiələsiz olaraq saniyədə 5 kubmetr su ala biləcək.
Oğuz-Qəbələ-Bakı su kəməri işə düşəndən bəri artıq əhalinin bir qismi fasiləsiz su ilə təmin olunub. Hazırda şəhərə saniyədə 4 kubmetr su verilir. Əgər əvvəl Səbayıl, Yasamal rayonlarının əhalisinin yalnız 60 faizi gündəlik su ilə təmin olunurdusa, indi bu rəqəm 75-80 faizə çatıb.
Amma bununla belə hələlik əhalinin bir qismi bu kəmərin suyundan fasiləsiz şəkildə yararlana bilmir. Səbəb isə şəhərdəki su xətlərinin köhnə olmasıdır. Belə ki, boruların bəziləri artıq sıradan çıxdığından, bir qisminin isə diametri kiçik olduğundan, onların dəyişdirilməsi zərurəti yaranıb. Elə şəhərin bir çox yerlərində gördüyümüz qazıntı işləri də bununla bağlıdır.
“Azərsu” SC-dən ANS-ə verilən məlumata görə, əhalinin su ilə təchizatını yaxşılaşdırmaq məqsədilə şəhərin 25 obyektində tikinti işləri aparılır. Cəmiyyətin departament müdirinin müavini Məhəmməd Əliyevin sözlərinə görə, Səbail, Yasamal, Sabuncu və digər rayonlarda su təchizatı ilə bağlı yeni tikinti işlərinə başlanılıb: “Artıq burada iş yekunlaşıb və nəticədə bu rayonlarda 80-85 faiz əhali su ilə təmin olunacaq. İş 2-3 ay müddətində başa çatacaq və nəticədə 450 min nəfər fasiləsiz su ilə təmin olunacaq”.
Xatırladaq ki, 262 km uzunluğunda olan su kəmərinin inşasına 2007-ci ilin martında başlanılıb. Diametri 2 metr olan borudan saniyədə 5 kubmetr suyun verilməsi planlaşdırılır. Nəticədə Bakı əhalisinin 75 faizi fasiləsiz su ilə təmin olunmalıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: