Bakı bulvarında bütün atraksionlar pulsuz olacaq
17 İyun 2011 Cümə 16:14
Bakı bulvarında bütün atraksionlar pulsuz olacaq. Aksiya iyunun 20-də keçiriləcək.
Dənizkənarı Bulvar İdarəsi uşaqları yenidən sevindirəcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS -ə verdiyi məlumata görə, iyunun 20-də yenə də Milli Parkda bütün atraksionlar pulsuz olacaq.
“Uşaqların yay mövsümündə, tətil ərəfəsində Dənizkənarı Bulvar ərazisinə daha çox gəlirlər. Qərara gəlmişik ki, yay mövsümündə ayda bir dəfə belə aksiya keçirək. Məlumat üçün bildirmək istəyirəm ki, iyunun 20-də səhər saat 9-dan günorta saat 12-yə qədər Bulvar ərazisində fəaliyyət göstərən bütün atraksionlar uşaqların istifadəsinə pulsuz veriləcək", deyə Nazim Məcidov vurğulayıb.
Nazim Məcidovun sözlərinə görə, növbələrin, nizamsızlığın bir daha təkrarlanmaması üçün kassalarda pulsuz biletlər paylanacaq: "Keçən dəfə keçirtdiyimiz aksiya göstərdi ki, problemlər yarana bilər. Bu dəfə əhalidə narazılıq yaranmasın, növbədə səliqə olsun deyə kassalara tapşırılıb ki, bütün müraciət edənlərə pulsuz biletlər verilsin. Yaxşı olar ki, hər uşaq hər atraksiondan 1 dəfə istifadə etsin. Bu zaman bütün uşaqlar əylənə bilər".
Xatırladaq ki, 1 iyun uşaqların beynəlxlaq müdafiəsi günündə Dənizkənarı Bulvar İdarəsi maraqlı bir aksiya ilə çıxış etdi. Yəni, yaşı 15-ə qədər olan uşaqlar səhər saat 9-dan 12-ə qədər bulvardakı atraksionlardan pulsuz olaraq istifadə etmək haqqı əldə etdi. Aksiya zamanı valideynlər və uşaqlar arasında xoşagəlməz hallar yaşandı. Nizamsız növbələr yarandı. 1 uşaq eyni atraksiondan bir neçə dəfə istifadə etdiyindən çoxları kənarda qaldı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: