Bakı-Antalya aviareysi Türkiyə şirkətinin inhisarına verilib
29 Aprel 2011 Cümə 11:42
Bu il Azərbaycan vətəndaşlarının sevimli istirahət məkanlarına – Türkiyənin Antalya və Bodrum kurortlarına təyyarə uçuşları kəskin bahalaşıb.
Yerli turizm şirkətlərindən «APA-Economics»ə verilən məlumata görə, bu istiqamətdə aviabiletin qiyməti 250 manat artaraq ötənilki 310-330 manatdan bu il 540-550 manatadək bahalaşıb.
Bakı-Antalya-Bakı marşrutu ilə aviabiletlərin təqribən 70% bahalaşdığını «Azərbaycan Hava Yolları» QSC-də (AZAL) də təsdiqləyiblər. Uçuşların təşkili ilə məşğul olan «SilkWay Airlines» aviaşirkətindən bildiriblər ki, Bakı-Antalya-Bakı reysinə biletlərin qiyməti ötənilki 320 manatdan 535 manata qalxıb. Şirkətdə dəyişikliyin səbəblərini açıqlamasalar da, yay mövsümü ərzində qiymətlərin bu həddə qalacağını bildirdilər.
Turizm şirkətlərində isə hesab edirlər ki, bahalaşmanın səbəbi Türkiyənin «Summer Travel» şirkətinin Bakı-Antalya-Bakı reysinə yerlərin əksəriyyətini - 160-170 yerlik təyyarədəki uçuş yerlərinin 130-nu - əvvəlcədən almasıdır. Türk şirkəti bu yerlərə biletləri adi sərnişinlərə deyil, Antalyaya gedən turistlərə turpaket kimi satır. Təyyarədəki qalan yerlərə (30-40 uçuş yeri) bileti isə «AZAL» QSC özü satır. Qiymət artımı da «AZAL»ın satdığı biletlərdə baş verib.
Qeyd edək ki, turizm biznesində analoji praktika geniş yayılıb. Yəni, hansısa turizm şirkəti mövsümün əvvəlində hər hansı istiqamətə uçuş yerlərinin bir hissəsini əvvəlcədən alır. Müştərilərin sayından asılı olmayaraq şirkət aldığı yerlərin pulunu aviadaşıyıcıya ödəməlidir - bu gediş «sərt blok» adlanır. Risk ondan ibarətdir ki, həmin mövsümdə turistlərin sayı gözləniləndən az olarsa, şirkət uçuş yerlərinə görə ödədiyi pulu çıxarmaya və mövsümü zərərlə başa vura bilər. Yeri gəlmişkən, «Summer Travel»in sahibi azərbaycanlı iş adamıdır.
Doğrudur, «Summer Travel»in müəyyənləşdirdiyi paketləri təkcə özü deyil, başqa şirkətlər də satır – paketin dəyərinin 5-9%-i həmin vasitəçi şirkətlərə bonus kimi ödənilir. Bu isə əvvəlki illərlə müqayisədə azdır. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) turizm komissiyasının sədri, «Bakı Tur» şirkətinin rəhbəri Faiz Məmmədov bildirir ki, bonus miqdarı az olduğuna görə, heç kimə bu əməkdaşlıq forması sərf etmir: «Elə turizm şirkətləri var ki, ancaq yayda Antalyaya bilet satmaqla dolanır. Nəticədə, onlar da zərərlə üzləşəcəklər. Belə getsə, bu mövsümdə xaricə turist göndərməklə məşğul olan 10-15 turizm şirkətinin bağlanacağı gözlənilir».
Bununla yanaşı, turizm şirkətlərini narahat edən digər vacib məsələ Antalyaya «AZAL»ın satdığı biletlərin kəskin bahalaşması ilə bağlıdır. F.Məmmədov bildirib ki, Antalyaya turizm səfərlərinin bahalaşmasının səbəbləri məlumdur: «Amma bizdə aviabiletlərin qiymətinin artmasının bir izahı yoxdur». Turizm şirkətlərinin rəsmiləri hesab edirlər ki, ciddi səbəb olmadan biletlərin belə kəskin bahalaşması nəticəsində digər turizm şirkətlərinə səfərlərin təşkilində ciddi problemlər yaradır. Təkcə təyyarə biletinin qiyməti 535 manat olduğuna görə, bu qiymət üzərində qurulan turpaket «Summer Travel»in təklif etdiyi qiymətlərdən baha başa gəlir. Yəni, rəqabət qabiliyyətini itirir. Başqa sözlə, AZAL-ın qiymətləri kəskin artırması nəticəsində Antalya istiqamətinə turist turları faktiki olaraq adı çəkilən şirkətin inhisarına keçib.
Digər tərəfdən, hansısa istiqamətdə uçuşların bir şirkətin inhisarına düşməsinin qarşısını almaq üçün başqa şirkətlərə çarter reysləri təşkil etmək imkan yaradılır. «AZAL» isə bunu etməyib.
DOSTLARINLA PAYLAŞ: