Bakı Aİ ilə uzunmüddətli enerji tərəfdaşlığına hazırdır
29 Mart 2011 Çərşənbə Axşamı 18:00
Aİ-nin enerji məsələləri üzrə Komissarı: "Azərbaycanı “Nabucco” layihəsində vacib rola malikdir"
Avstriyanın Berlindəki səfirliyində 28 mart tarixində “Nabucco- Avropanın enerji infrastrukturunun inteqrasiya olunması yolunda əhəmiyyətli yeni komponent kimi” mövzusunda tədbir keçirilib. Tədbirin əsas məqsədi “Nabucco” layihəsi timsalında Avropanın enerji siyasətinin perspektivlərinin və çağırışlarının müzakirə edilməsindən ibarət olub.

Azərbaycan Respublikasının Almaniyadakı səfirliyindən verilən məlumata əsasən, Avstriyanın Berlindəki səfiri Ralph Scheidenin qonaqları salamlayandan sonra “OMV” şirkətinin rəhbəri və Nabukko Rəhbər Komitəsinin sədri Werner Auli təqdimatla çıxış edib. O bildirib ki, hazırda Avropanın təbii qaza olan illik tələbatı 500 milyard kubmetr təşkil edir və bunun 300 milyard kubmetri idxal olunur. O qeyd edib ki, Avropa bazarının gələcəkdə təbii qaza olan tələbatının artması “Nabucco” layihəsinin əhəmiyyətini artırır. Onun sözlərinə görə, Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun bu ilin yanvar ayında Azərbaycan və Türkmənistana səfəri, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri tərəfindən “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin imzalanması bu layihənin reallaşmasında böyük əhəmiyyət kəsb edir.

Tədbirdə əsas məruzəçi qismində Aİ-nin enerji məsələləri üzrə Komissarı Günter Ottinger çıxış edib. O, çıxışında Avropanın Azərbaycanla 150 illik bir tarixə malik əməkdaşlığının olduğunu diqqətə çatdıraraq, Azərbaycanın Avropaya aid olduğunu vurğulayıb. O, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, o cümlədən “Nabucco” layihəsində Azərbaycanın vacib rola malik olduğunu diqqətə çatdıraraq, Bakının konstruktiv olaraq uzunmüddətli enerji tərəfdaşlığına hazır olduğunu xüsusi olaraq vurğulayıb. O, "Nabukko" layihəsinin habelə regiona turizm qapısı olacağını qeyd edib. Daha sonra G.Ottinger bu kəmər vasitəsilə Avropaya təbii qaz idxalatının şaxələndirilməsi istiqamətində növbəti addım atacağını bildirdi. O qeyd edib ki, 2011-ci il bu istiqamətdə həlledici il olacaq.

Səfir P.Şahbazovun podium müzakirələrində məruzəçi qismində çıxış etdiyi tədbirdə o, Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun bu ilin yanvar ayında Azərbaycana səfəri çərçivəsində AR Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri tərəfindən “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”-nin imzalanmasını çox mühüm addım olduğunu nəzərə çatdırmışdır. O, enerji tərəfdaşlığı sahəsində Avropa İttifaqı, Avropa təsisatları ilə Azərbaycan arasında olan əməkdaşlığın uğurla davam edəcəyinə inandığını bildirib. Azərbaycanın etibarlı tərəfdaş olduğunu qeyd edən P.Şahbazov, müstəqil ölkə olaraq Azərbaycanın 1990-cı illərin ortalarından bəri açıq və şəffaf enerji siyasəti həyata keçirdiyini bildirib. O, həyata keçirilmiş uğurlu enerji siyasəti nəticəsində ölkəyə milyardlarla dollar xarici sərmayənin cəlb edildiyini nəzərə çatdıraraq, bu gün artıq Azərbaycanın müxtəlif marşrutlarla neft və qaz resurslarını dünya bazarlarına nəql etdiyini qeyd edib.

Tədbirdə habelə, AFR federal iqtisadiyyat və texnologiyalar nazirinin müavini Jochen Homann, “RWE Supply & Trading” MMC-nin İcraçı direktoru Stefan Judisch, Avstriyanın İqtisadiyyat Nazirliyinin Enerji məsələləri üzrə Baş Direktoru Alfred Maier podium müzakirələrində məruzəçi qismində çıxış ediblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar