Bakı aeroportu fəaliyyətini qismən bərpa edib
05 Fevral 2010 Cümə 17:05
Hazırda Azərbaycan paytaxtında havanın qeyri-sabit keçməsinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanı fəaliyyətini qismən bərpa edib.
«Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərlinin «APA-ECONOMICS»ə verdiyi məlumata görə, artıq Rusiyanın «Pulkovo» aviaşirkətinə məxsus avialayner Bakı-Sankt-Peterburq marşrutu üzrə sərnişin aviareysini yerinə yetirib: «Bununla yanaşı, 30 dəqiqə bundan öncə Almaniyanın «Lufthansa» aviaşirkəti tərəfindən yerinə yetirilən Bakı-Frankfurt marşrutu üzrə hərəkət edən təyyarə havaya qalxıb. Hazırda Böyük Britaniyanın BMI şirkəti Bakı-London marşrutu üzrə aviareysin yerinə yetirilməsinə hazırlaşır. AZAL-ın Bakı-Dubay aviareysi isə 15:30 həyata keçirilməsi planlaşdırılır».
M.Səfərli onu da bildirib ki, bu gün səhər saatlarında Bakıya enə bilməyib və Gəncə və Həştərxan hava limanına uçan təyyarələr də yaxın vaxtlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına doğru istiqamət götürəcək.
Qeyd edək ki, bu gün səhər London-Bakı və Urumçi-Bakı aviareyslərini yerinə yetirən təyyarələr Azərbaycan paytaxtında güclü qarın yağması ilə əlaqədar Gəncə aeroportuna, Nijnevartovsk-Bakı marşrutu ilə uçan - Həştərxan hava limanına enib.
Xatırladaq ki, meteoroloqların proqnozlarına əsasən, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti 2-3 gün davam edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: