Kolbasa məmulatlarının uyğunluq sertifikatı olmadan istehsal edildiyi aşkar edilib.
Bakı şəhərində iki müəssisədə kolbasa məmulatlarının istehsalı dayandırılıb. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə məlumat verilib. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ruslan Şərifova məxsus istehsalat sahəsində aparılan dövlət nəzarəti zamanı müəssisədə kolbasa məmulatlarının uyğunluq sertifikatı olmadan istehsal edildiyi aşkar edilib.
Müəssisə rəhbəri uyğunluq sertifikatlarının alınması ilə bağlı Komitənin Ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsinə müraciət etsə də, keçirilən müayinələr nəticəsində məhsulların tərkibində Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilməyən “E122” nişanlı “Karmuazin” sintetik boyaq maddəsi aşkar edildiyindən, məhsulların sertifikatlaşdırılmasından imtina edilib. Aşkar olunan qanun pozuntuları ilə bağlı fiziki şəxs R.Şərifova kolbasa məmulatlarının istehsalı və satışını qadağan edən tələbnamə verilib.
Bakı şəhəri, Sabunçu rayonu, Hövsan qəsəbəsi, Bağırov küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən “Ulduz-T.E.F” MMC-də aparılmış dövlət nəzarəti zamanı isə müəyyən olunub ki, müəssisədə “əla növ bişmiş hisə verilmiş “Servelat”, “əla növ bişmiş hisə verilmiş ”Krakovskaya” və “yarımhisə verilmiş ”Oxotniçi” kolbasaları uyğunluq sertifikatı olmadan istehsal olunaraq satışa verilir. Bundan başqa, məhsulların üzərində göstərilmiş saxlama müddətinin süni olaraq şişirdildiyi təyin edilib. Belə ki, “əla növ bişmiş hisə verilmiş “Servelat” kolbasasının saxlama müddəti normativ sənəd QOST 16290-86-ya əsasən 72 saat, “yarımhisə verilmiş ”Oxotniçi” kolbasasında isə QOST 16351-86-ya əsasən 15 sutka olduğu halda hər iki məhsulda saxlama müddəti 1 ay göstərilib. Məhsulun istehsalında “NESSE”, “LAY”, ”ARAMADON” nişanlı müxtəlif növ qida qatqıları və rəngləyicilərdən istifadə olunduğu halda məhsulun üzərində bunlar qeyd olunmayıb. Bununla da istehlakçıların məlumat almaq hüququ pozulub. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı məhsulların satışının və istehsalının qadağan edilməsi barədə tələbnamələr verilib, inzibati qaydada protokol tərtib edilib.