Bahalaşmanın arxasında kimin əli var?
22 Avqust 2011 Bazar Ertəsi 22:20
Ekspert: "Başqa ölkələrdə inhisarçını tapanda, onu ya cərimə edirlər, ya da türməyə basırlar"
Son bir ildə Azərbaycanda ərzağın qiyməti orta hesabla 12 faiz artıb. Statistika Komitəsinin məlumatına görə, ötən ilin avqustu ilə müqayisədə qiymət artımı 8,7 faiz təşkil edib. Göründüyü kimi, ərzaq mallarının bahalaşması ümumi qiymət artımını üstələyib.

Azərbaycanda qiymət artımının əsas səbəbləri xarici bazarlardan asılılıqdan və inhisarçılıqdan qaynaqlanır. İqtisadçılar hesab edir ki, daxili bazarın xaricdən asılılığı qiymətləri tənzimləməyi çətinləşdirir. Çünki yerli məhsulla müqayisədə xaricdən gətirilən malların inhisara almaq daha asandır. Bu halda bazara qiymət diqtə etmək də o qədər çətin olmur. Son günlər ərzaq bazarında bəzi məhsulların bahalaşması da inhisarçılıqla əlaqələndirilir.

Maraqlıdır ki, istehlak bazarında xarici malların payı ildən ilə artmaqdadır. 10 il əvvəl xarici mallar bazarın 30 faizini tuturdusa, indi bu göstərici 45 faizə çatıb.

İqtisadçı-ekspert Nazim Məmmədovun sözlərinə görə, idxal inflyasiyası 80 faizdir. Ona görə də yumurtanın, ətin bahalaşması qeyri-neft sektorunda çatışmazlıqlarla bağlıdır.

Mütəxəssislər bildirir ki, hansısa malın ölkənin bütün bölgələrində təxminən eyni qiymətə satılması inhisarçılığın əlamətidir. İqtisadçılar hesab edir ki, inhisarçılıq və süni qiymət artımlarını təkcə iqtisadi üsullarla aradan qaldırmaq mümkün deyil, burada inzibati tədbirlər də həyata keçirilməlidir. Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev hesab edir ki, Azərbaycanda süni qiymət artımları ilə mübarizə tədbirləri əksər hallarda nəinki qiymətləri sabitləşdirir, əksinə bəzən sahibkarların işini çətinləşdirir.

«Burada ciddi inhisarçılıq var. Öz aralarında danışırlar ki, gəlin bu gün yağı bu qiymətə sataq. Rusiyada və başqa ölkələrdə inhisarçını tapanda, onu ya cərimə edirlər, ya da türməyə basırlar»,- deyə iqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirib.

İqtisadi İnkişaf Nazirliyindən isə bildirirlər ki, bazarlara mütəmadi nəzarət olunur. Aparılan monitorinqlər nəticəsində süni qiymət artımları aşkarlanarsa, qanunvericiliyə uyğun tədbirlər görülür. Bu halda süni qiymət artımı yolu ilə əldə olunmuş gəlir büdcəyə köçürülür.

Ölkədə qiymət artımlarının sürətlənməsinə Mərkəzi Bankın həyata keçirdiyi pul siyasəti də təsir edir. Bu gün dolların kəskin ucuzlaşmasınıa yol verməmək üçün dövriyyəyə manatla əlavə pul kütləsi buraxılır. Nəticədə manatın alıcılıq qabiliyyəti bir qədər də azalır və qiymət artımı sürətlənir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar