Azərsu abunəçilərinin narazılığına son qoyulacaq
11 Aprel 2011 Bazar Ertəsi 18:39
Su sayğaclarının daha asan oxunması üçün piləkən qəfəslərin çıxarılması kimi layihələrin üzərində hazırlıq işləri gedir
Prezident İlham Əliyevin fərmanı ilə əhalinin “Azərsu”ya olan 294,2 milyon manat borcu silinib. “Azərsu”dan verilən məlumata görə, əhalinin 85 faizinin içməli su və kanalizasiya xidmətlərinə görə borcu var imiş. Qurum əhalini istifadə etdiyi suyun haqqını vaxtlı-vaxtında ödəməyə çağırır.
“Azərsu” su borclarının yığılmasında metodlarını təkmilləşdirir. Bunun üçün qurum sayğacları görünən yerlərdə quraşdırmağı planlaşdırır. Bu zaman nəzarətçi abunəçini narahat etmədən sayğacın göstəricisini çıxara biləcək və bu şərait borcunu ödəməkdən imtina edən abunəçilərin su təchizatını fərdi qaydada dayandırmağa da imkan verəcək.
“Azərsu”nun Departament rəisi Xanvər Abbasovun sözlərinə görə, sayğacların daha asan oxunması üçün piləkən qəfəslərin çıxarılması kimi layihələrin üzərində hazırlıq işləri gedir.
X. Abbasov bildirib ki, sayğacla hesabat ən düzgün hesabatdır: “Çünki bəzən bir mənzildə çoxlu sayda insanlar qeydiyyatda olur. Əgər həmin mənzildə sayğac quraşdırılmayıbsa, hesabat normativ üzrə, yəni mənzildə yaşayan vətəndaşların ailə tərkibinin sayına görə aparılır. 1 fevral tarixindən hər adambaşına 5 kub sərfilə hesabat aparılır və bu da çoxlu sayda vətəndaşların qeydiyyatda olan mənzildə böyük narazılıqlar yaradır. Buna görə də bəzən abunəçi narazı qalır ki, mən o qədər su sərf etməmişəm”.
DOSTLARINLA PAYLAŞ: