Azərenerji hansı evlərin sökülməsini tələb edir?
29 Mart 2011 Çərşənbə Axşamı 00:39
Elektrik xətlərinin altındakı tikililərin siyahısı hazırlanır
Elektrik verilişi xətlərinin mühafizə zonaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları ilə tənzimlənir. ANS PRESS-in məlumatına görə, bunu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib. Onun sözlərinə görə, yaydalarla hava xətlərinin mühafizə zonaları gərginliyindən asılı olaraq, keçdiyi trassa boyu kənar məftillərindən hər iki tərəfə
- 35 kV-luq hava xətləri üçün - 15 metr
- 110 kV-luq hava xətləri üçün - 20 metr
- 220 kV-luq hava xətləri üçün - 25 metr
- 330 kV yuxarı gərginlikli hava xətləri üçün - 30 metr qəbul edilib.
“Azərenerji” prezidenti bildirib ki, mühafizə zonalarının pozulması hava xətlərinin təmir və istismarında ciddi çətinliklər yaratmaqla yanaşı, qəza hallarında zədələnmə yerinin müəyyənləşdirilməsini və qəzanın nəticələrinin aradan qaldırılmasını mümkünsüz edir. Bu da respublikanın, o cümlədən paytaxtın enerji təhlükəsizliyini təhlükə altına qoyur. Məsələnin ciddiliyi nəzərə alınaraq, “Dövlət Yanacaq Energetika Kompleksi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi barədə Tədbirlər Planı”na uyğun olaraq Nazirlər Kabineti müvafiq tədbirlərin görülməsi barədə aidiyyatı üzrə tapşırıqlar verib: “Tapşırığın icrası ilə bağlı “Azərenerji” ASC tərəfindən görülmüş tədbirlər nəticəsində hava xətlərinin mühafizə zonalarında 34 yaşayış evi, tikili, özəl müəssisə, təmir sexi kimi obyektlərin tikintisi dayandırılıb. 126 hüquqi və fiziki şəxsə rəsmi xəbərdarlıq edilib, 6 qum-çınqıl karxanasının başqa zonaya köçürülməsinə nail olunub, 13 fiziki şəxsə qarşı iddia qaldırılaraq məhkəməyə verilib, 6 fiziki şəxs məhkəmə qaydasında cərimə edilmiş, 55 şəxsə qarşı mülki iddiaların qaldırılması üçün sənədlər hazırlanıb. Təkcə son dövrdə hava xətlərinin mühafizə zonalarında olan 36 tikili, 4 ticarət obyekti, 8 fərdi yaşayış evi üçün ayrılmış ərazinin hasarları sökülüb”.
Etibar Pirverdiyevin sözlərinə görə, bundan başqa, “Elektrik verilişi xətlərinin magistral neft, qaz, su və istilik kəmərlərinin, neft quyularının, kanalizasiya xətlərinin, dəmir yollarının, metro stansiyalarının, rabitə xətlərinin bilavasitə yerləşdiyi sahələrdə və onların mühafizə zonalarında olan tikililər barədə” keçirilən 3 mart 2010-cu il tarixli iclasın protokolun icrası ilə bağlı “Yarımstansiyaların ətraf sahələrində və elektrik verilişi xətlərinin mühafizə zonalarında yerləşən tikililərin qeydiyyata alınması haqqında” “Azərenerji” ASC üzrə tikililər haqqında kadastr məlumatları hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Elektrik verlişi xətlərinin mühafizə zonalarında olan tikililər haqqında kadastr məlumatları Bakı şəhəri və respublikanın regionları üzrə Gəncə, Sumqayıt və Abşeron rayonu ərazisini əhatə edib. “Azərenerji” prezidenti məlumat verib ki, hazırda yarımstansiyaların ətraf sahələrində və elektrik verilişi xətlərinin mühafizə zonalarında yerləşən tikililərin qeydiyyata alınması istiqamətində aparılan işlər respublikanın digər regionlarında davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: