Azərbaycanlılar Rusiya bazarında böyük paya sahib ola bilər
06 İyun 2011 Bazar Ertəsi 03:35
Mütəxəssislər hesab edir ki, Azərbaycandan Rusiyaya məhsul aparanlar ciddi problemlərlə üzləşməyəcək
Sovet dövlətinin yaşıl poliqonu adlandırılan Azərbaycanın bu imperiyanın varisi olan Rusiya bazarlarında mövqelərini möhkəmləndirmək üçün yaxşı fürsət yaranıb. Almaniyada infeksion xəstəliyin yayılmasından sonra Rusiyanın Avropa tərəvəzinə qoyduğu qadağa, bu ölkədə Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatı artıracaq. İndiki halda, Rusiyanın idxal etdiyi tərəvəzin 11-15 faizi məhz Avropanın payına düşür. Başqa sözlə, illik dövriyyəsi 21-22 milyard dollar olan Rusiya bazarına hər il Avropa ölkələrindən 3-4 milyard dollarlıq tərəvəz ixrac olunur. Məsələn, Rusiya ötən il 200 min tona qədər xiyar idxal edib ki, bunun da 11 min tonu, yəni 5 faizi Avropadan gəlib. İdxal olunan 700 min ton pomidorun 90 mini və ya 11 faizi də Avropa İttifaqı ölkələrindən daxil olub. Bunun 5 faizi məhz İspaniya, Portuqaliya və Polşanın payına düşüb. 2010-cu ildə şimal qonşumuz 664 min ton kartof idxal edib ki, 415 mini Avropa ölkələrindən gətirilib.

Azərbaycandan isə Rusiyaya ötən il 42 min tonu pomidor olmaqla, 54 min ton tərəvəz, eləcə də, 63 min tondan çox kartof ixrac edilib. Bu rəqəmlər də rəsmi Moskvanın Avropadan idxal olunan tərəvəzə qadağa qoyması Rusiyada tərəvəz qıtlığı yaradacağını sübut edir ki, boş piştaxtaları Azərbaycanın məhsulları tuta bilər. Rəsmi statistikaya inansaq, Azərbaycanda tələbatdan 1,9 dəfə çox meyvə-tərəvəz istehsal edilir. Mütəxəssislər hesab edir ki, bunun yarısını ixraca yönəltmək mümkündür. Adicə bir misal, Azərbaycan orta hesabla hər il 600 min tondan artıq pomidor və xiyar istesal edir ki, daxili tələbatı çıxsaq, bunun 250 min tonunu rahatlıqla Rusiyaya ixrac etmək olar. İndiki halda isə, bu məhsulların ixracı heç 55 min tona çatmır.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, bundan istifadə etmək Azərbaycan üçün yaxşı fürsət ola bilər: “Keçən il biz əgər 53 min ton tərəvəz ixrac etmişiksə, bunun dəyəri 42 milyon 330 min dollar ciavarındadır. Halbuki Avropadan Rusiyaya idxal olunan malın dəyəri 853 milyon dollar civarında, 600 milyon avro dəyərindədir. Bizi görün nə qədər imkanımız yaranır? Hazırkı ixracdan 20 dəfə artıq bizim üçün imkan yaranır. Ki, biz ixrac edib yaxşı qazanc əldə edə bilərik”.

Amma Rusiya bazarında boşalmış yerlər uğrunda yalnız Azərbaycan mübarizə aparmayacaq. MDB ölkələri, o cümlədən, Türkiyə, İran və Çin Rusiya bazarı uğrunda mübarizəni gücləndirəcək. Reallıq onu göstərir ki, Azərbaycanın meyvə və tərəvəzinə ən güclü rəqib qardaş Türkiyənin məhsullarıdır. Amma Azərbaycanın Rusiya bazarındakı mövqeyini gücləndirməsi digər ölkələrdən daha asan başa gələ bilər. Əvvəla ona görə ki, məsafə baxımdan Azərbaycan Rusiyaya daha yaxındır. Ən əsası, Azərbaycanın kənd təsərrüfatı məhsulları digər ölkələrə nisbətən daha keyfiyyətlidir. Məhz bu səbəbdəndir ki, rusiyalı alıcı Türkiyə pomidorunun bir kilosuna 80 rubl verirsə, Azərbaycandan gələn pomidora çəkinmədən 120-150 rubl verir.

Rusiyanın xəstəlik səbəbindən ərəb ölkələrindən gətirilən kartofa qadağa qoyub ki, bununla da, rəqiblərin siyahısı daralır. Mütəxəssislər, Rusiya bazarı uğrunda mübarizə aparan böyük bazar olan Çinin də tezliklə sıradan çıxacağını proqnozlaşdırır. Analitiklər buna əsas kimi, Çindən gətirilən xiyarın 45 gün ərzində Rusiyaya çatdığını, buna baxmayaraq məhsulun təravətli qalmasının Rusiyanın hakim dairələrində, xüsusilə də, aqrar sahənin mütəxəsisslərində məhsulun xarab olmaması üçün kimyəvi pereparatlardan çox istifadə edildiyi barədə düşünməyə məcbur edir. (necə də olsa, kitayskidir axı) Bütün bunlar isə, 140 milyon əhalisi olan bazarda Azərbaycanın hakim mövqeyə çevrilə biləcəyini gündəmə gətirir. Başlıcası isə azərbaycanlılar bazarın konyuturasını qonşu ölkələrdən daha yaxşı bilir. Yəni, şimal qonşunun bazarının 95 faizini əlində saxlayan həmvətənlərimiz rusiyalıların dilini, daha doğrusu nə yemək istədiyini yaxşı anlayır.


Mütəxəssislər hesab edir ki, Azərbaycandan Rusiyaya məhsul aparanlar ciddi problemlərlə üzləşməyəcək. Əvvəla ona görə ki, rusiyalı rəsmilər qadağa səbəbindən ölkədəki qiymətlərin 20 faiz artacağından ehtiyatlanır. Rusiya höküməti inflyasiyanın sürətlənəcəyini anladığından Azərbaycan mallarının Rusiya sərhəddindən manesiz keçidi təmin etməyə çalışacaq. İkincisi, qeyri-neft sektorunun inkişafını prioritet elan edən rəsmi Bakı kənd təsərrüfatı məhsullarının ixracında maraqlı olduğundan burada da problem olmaycaq.

Samur gömrük keçid məntəqəsinin rəisi Hüseyn Məsumov Rusiyaya mal aparanlar üçün heç bir maneə olmayacağını bildirir: “Bu, gündən-günə artacaq. Tək kartof deyil, xiyar polmdior və meyvə də olacaq və tərəfimizdən yola salınacaq. Kimliyindən asılı olmayaraq axan iqtisadiyyatının güclənməsidir. Azərbaycana nə qədər pul daxil olsa yaxşıdır heç bir mane olmayacaq”.

Kənd təsərrüfatı nazirliyinin şöbə müdiri Sabir Vəliyev deyir ki, indiki vəziyətdən istifadə edərək biz Rusiyaya tərəvəz ixracını artıra bilərik. Hökümət ixracla məşğul olanları dəstəkləməyə hazırdır: “Bu dövrdə Azərbaycandan keçən ilə nisbətən 20-25 faiz artıq məhsul göndərə biləcək. Çünki sahibkarlar bilir ki, orada bazar boşdur və bundan istifadə edəcəklər. Fermerlər özləri bunları göndərmirlər. Bu xüsusi adamlardır və onları dövlət dəstəkləyirk ki, onlara istər Azərbaycan, istər Rusiya tərəfindən heç bir problem olmasını”.

Mütəxəssislər hesab edir ki, Avropadan gələn tərəvəzə qoyulan embarqo qısamüddətli olmayacaq. Rusiya höküməti müəyyən müddətdən sonra qadağanı ləğv etsə belə, rusiyalı istehalakçılar psixoloji cəhətdən köhnə qitədən gələn malları almaqdan çəkinəcək. Çünki, Avropada yayılmış xəstəliyin mənbəyi kənd təsərrüfatı məhsulları olmasa belə, bu hadisə zamanı avropalı fermerlərin məhsul yetişdirməsində insan mənşəli çirkab tullantılardan istifadə etməsi məsələsi ortaya çıxdı. Bu da rusiyalı alıcıları ehtiyatlı seçim etməyə sövq edir.

Bütün bu sadalanlanlarla yanaşı, qış aylarında Rusiyanın meyvə və tərəvəzə olan tələbatının 70 faizi məhz xaricdən idxal olunan mallar hesabına formalaşır. Bu isə Azərbaycan üçün həm də uzun müddətli bazar deməkdir. Azərbaycanın əlverişli iqlim şəraitinin olması da şimal qonşumuzu ilboyu bu məhsullarla təmin etməyə imkan verir. Qalır bu istehsalı stimullaşdırmaq. Bir sözlə, Azərbaycan yaranmış boşluqdan istifadə edib, Rusiya bazarında əlavə mövqe qazana bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar