Azərbaycanın tarixini və mədəniyyətini öyrənmək istəyirəm
18 Mart 2011 Cümə 17:44
Erlinq Şenzberq: “Bakıda keçiriləcək “Caspian Oil & Qaz” beynəlxalq sərgisində Norveç kralının varisi, şahzadə Xakon Maqnusun iştirakı planlaşdırılıb”
Bakı. Laçın Sultanova – APA. Norveçin Azərbaycandakı səfiri Erlinq Şenzberqin APA-ya müsahibəsi
- Bir neçə aydır ki, Azərbaycanda Norveç Krallığını təmsil edirsiniz. Azərbaycan haqqında ilkin təəssüratlarınızla hazırdakı fikirləriniz arasında fərq varmı?
- Mən burada 6 aydır çalışıram. Əvvəllər Azərbaycanda olmamışam, amma ölkə haqqında yaxşı şeylər eşitmişdim, o cümlədən 2010-cu ildə burada olmuş öz həyat yoldaşımdan. Azərbaycan haqqında mənim ilk təəssüratımla hazırkı fikirlərim arasında böyük fərq yoxdur. Bura gələndə hər şey mənim üçün maraqlı idi. Yavaş-yavaş ölkə haqqında məlumatlanıram, amma hələ öyrənəcəyim çox şeylər var. Azərbaycan çox zəngin və maraqlı tarixə, mədəniyyətə malikdir. Mən bu tarix və mədəniyyəti dərindən öyrənmək istəyirəm. Azərbaycan Şərqlə Qərb, Avropa ilə Asiya arasında yerləşir. Bu, onun zəngin mədəniyyətinə böyük töhfə verib. Mən İçərişəhərdə gəzməyi sevirəm, orada özümü zəngin mədəniyyət arasında hiss edirəm. Müşahidə etdiyim digər cəhət odur ki, Azərbaycan siyasi və enerji cəhətdən vacib ölkədir. Sizin ölkənin vətəndaşları çox mehriban, qonaqpərvərdir.
- Azərbaycanla Norveç arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin səviyyəsini necə dəyərləndirirsiniz? Hansı sahələrdə perspektivlər daha realdır?
- Azərbaycanla Norveç arasında münasibətlər bütün sahələrdə çox yaxşı səviyyədədir. Siyasi sahədə ikitərəfli münasibətlər çox məhsuldardır, hər iki ölkə beynəlxalq təşkilatların - BMT, ATƏT və Avropa Şurasının üzvləridir. Bundan əlavə, Norveç şirkətləri Azərbaycana, ilk növbədə enerji sahəsinə sərmayə qoyublar. Ölkələrimizin neft və qaz sahəsində uzunmüddətli maraqları var. Biz əmin olmalıyıq ki, enerji resursları iqtisadi və ekoloji baxımdan düzgün istifadə olunur ki, gələcək nəsillər bundan faydalansın. Buna görə də mən düşünürəm ki, gələcək əməkdaşlığımızın əsasını energetika təşkil edəcək. Eyni zamanda mən iki ölkə arasında bütün sahələrdə, o cümlədən, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da inkişaf etməsi üçün çalışacağam.
- Ölkələr arasında ticarət dövriyyəsinin həcmi hansı səviyyədədir və əsasən hansı adda məhsullar ixrac olunur?
- Hazırda ölkələrimiz arasında ticarət dövriyyəsi o qədər də böyük deyil. Son üç ildə Norveçdən Azərbaycana ixracat ildə təxminən 12 milyon avro təşkil edib, Azərbaycandan Norveçə isə ildə 3-4 milyon avro həcmində məhsul ixrac olunur. Norveçdən Azərbaycana və Azərbaycandan Norveçə əsasən müxtəlif maşın və avadanlıqlar ixrac edilir.
- Demokratiya sahəsində Norveç Azərbaycanda bir neçə layihə həyata keçirib. Hazırda hansı layihələr reallaşdırılır?
- Norveç ATƏT, Avropa Şurası və bir sıra qeyri-hökumət təşkilatlarının iştirakı ilə Azərbaycanda qanunun aliliyi və demokratiya sahəsində layihələr həyata keçirir.
- Norveç Avropa İttifaqının üzvü deyil, amma bir Qərbi Avropa ölkəsi kimi “Şərq tərəfdaşlığı” proqramına münasibəti necədir? Bu layihənin Azərbaycana nə verməsini istərdiniz?
- Mənim ölkəm “Şərq tərəfdaşlığı” proqramını tam dəstəkləyir. Norveç 2010-cu il sentyabrın 29-da yaradılmış “Şərq tərəfdaşlığı” ölkələrinin dostları qrupuna daxildir. Biz hesab edirik ki, bu proqram Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi və iqtisadi dialoqun möhkəmlənməsi üçün yaxşı alətdir. Belə əməkdaşlıq Azərbaycan və onun əhalisinə həm qısa zamanda, həm də gələcək perspektivdə xeyir gətirəcək. Bu proqramda iştirak Azərbaycanın regionda inkişaf etmiş və stabil ölkə olması üçün bir təkandır. Bu isə Norveçi tam qane edir.
- Yaxın zamanlarda Azərbaycana hansı Norveç rəsmilərinin səfərləri gözlənilir?
- İyunun 6-7-də Bakıda keçiriləcək “Caspian Oil & Qaz” beynəlxalq sərgisində Norveç kralının varisi, şahzadə Xakon Maqnusun iştirakı planlaşdırılıb. Onun başçılıq etdiyi nümayəndə heyətinə neft və enerji naziri və xarici işlər nazirinin müavini daxil olacaqlar. Səfirlik bu yüksək səviyyəli səfəri səbirsizliklə gözləyir.
DOSTLARINLA PAYLAŞ: