"Azərbaycanın suverenliyinə hörmətlə yanaşırıq"
20 May 2011 Cümə 15:36
Eji Buzek bu gün parlamentin spikeri və parlamentdə təmsil olunun müxalifət partiyalarının nümayəndələri ilə görüşüb
Azərbaycanda səfərdə olan Avropa Parlamentinin prezidenti Eji Buzek bu gün parlamentin spikeri Oqtay Əsədov və parlamentdə təmsil olunun müxalifət partiyalarının nümayəndələri ilə görüşüb. Milli Məclisdə keçirilən danışıqlardan sonra Oqtay Əsədov və Eji Buzek mətbuat nümayəndələrinin qarşısına çıxıblar.

E. Buzek bildirib ki, Azərbaycanda keçirdiyi görüşlərdə Avropa Parlamentində mayın 12-də Azərbaycanla bağlı qəbul edilən qətnamə ilə bağlı müzakirələr aparıb: "Avropa Parlamenti Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Biz Azərbaycandan öz üzərinə götürdüyü öhdəliklərdən başqa nə isə etməyi tələb etmirik. Azərbaycanın suverenliyinə hörmətlə yanaşırıq".

Avropa Parlamentinin prezidentinin sözlərinə görə, Avropa Parlamenti regiondakı "dondurulmuş münaqişələr"in həllinə öz töhfəsini verməyə hazırdır.

"Çünki Azərbaycan və Avropa eyni dəyərləri paylaşır. Biz eyni zamanda iqtisadiyyat, ticarət və enerji sahəsində əməkdaşlığı dəstəkləyirik. Biz Azərbaycanın müstəqilliyini, beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyırıq, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşırıq", deyə E. Buzek bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar