Azərbaycanın şimalında qədim insan sümükləri tapılıb
09 Aprel 2011 Şənbə 15:52
Meşədə qədim əlifba ilə yazılmış köhnə qəbir daşlarına da rast gəlinib
Azərbaycanın şimal bölgəsində, Xaçmaz rayonunun İdrisoba və Fərzəlioba kəndi ilə sərhəddə yerləşən ərazidə kənd sakinləri torpaq işləri görərkən qədim insan sümükləri tapıblar. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, sakinlər bu ərazidə əvvəllər qəbiristanlıq olmadığını bildirib.

Təxminən 1 müddətdir buradan torpaq qazıb apararkən insan sümükləri çıxıb. Bundan əlavə, qırmızı bişmiş kərpiclərin də tapılması sakinləri çox maraqlandırıb. Sümükləri ilk görən isə 16 yaşlı İdrisoba kənd sakini Pirəli Harunov olub. Yerli əhalinin dediyinə görə, bu ərazidə və yaxınlıqdakı meşədə qədim əlifba ilə yazılmış köhnə qəbir daşlarına da rast gəlinib.

“Uşaqlar buradan torpaq aparanda sümüklər çıxıb. Bir xeyli müddət gözlədikdən sonra basdırıblar ki, gözə dəyməsin. Buradan bir deyil, çoxlu qəbir çıxıb”, deyə İdrisoba kənd sakini Yaşar Hacıyev bildirib.

Fərzəlioba kəndinin əsas məktəbinin direktoru Tofiq Tahirov bu ərazilərin qədim yaşayış məntəqələri olduğunu bildirib. Bu ərazilərdə “Şəhid daşları” adlanan zolağın üzü Qusara doğru uzandığını deyən direktor, ərazidən sür-sümüklə yanaşı qırmızı kərpicin də tapılmasını belə əlaqələndirir: “Xudat zonasından tutmuş yuxarı dağa, Qusarın kəndinə kimi “Şəhid daşları” deyilən bir zolaq keçir. Yəqin o vaxtki, dövrdə kimisə orda basdırıblar. Torpaq işləri aparılan zaman insan sümükləri çıxıb, yəqin qırmızı kərpicdən qəbrin düzəldilməsində istifadə olunub”.

İdrisoba və Fərzəlioba kənd sakinləri ərazidən tapılan sümük və qəbir daşlarının hansı dövrə aid olmasını aid etmək üçün burada arxeoloji qazıntılar aparılmasını vacib sayırlar.

Xaçmaz rayon İcra Hakimiyyəti başçısının I müavini Akif Mərdanov məsələni yerində araşdıracaqlarını, bundan sonra Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verəcəklərini bildirib. Həmin institutun əməkdaşı Qəhrəman Ağayev də tapılmış insan sümüklərinə baxış keçirəndən sonra onların hansı dövrə aid olmasının müəyyən ediləcəyini və yaxın günlərdə əraziyə gedəcəyini deyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar