Azərbaycanın Sankt-Peterburqdakı konsulu bəyanat yayıb
    26 Mart 2011 Şənbə 14:14
    “Bu təxribatı törədən və kənardan idarə edən şəxslər birmənalı şəkildə qanun çərçivəsində cavab verəcək
    
                	 
    
         
 
 Bakı-APA. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov son günlər internet səhifələrində yayılan böhtan və yalan  məlumatlarla bağlı bəyanat yayıb. Konsulluğun protokol xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, martın 19-da Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi və Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkil etdiyi, Novruz bayramına həsr edilmiş, 12 min nəfərin iştirakı ilə keçirilən konsertdə baş vermiş təxribatla bağlı  hüquq-mühafizə orqanlarına müraciət olunub, videomateriallar təqdim edilib: “Videomateriallarda İlkin və Nizami Məmişovların, həmçinin Mirzə Baxşıyevin təxribatda iştirakı açıq aydın görünür. Zənnimcə, bu təxribatı idarə edən və törədən şəxslər dövlətimizin və xalqımızın düşmənlərinə qulluq edirlər. Məsələ ilə bağlı, Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinə tərəfimizdən rəsmi nota göndərilib. Məsələnin ciddiliyini dərk edərək, bu insidentlə məşğul oluruq. Qanun çərçivəsində  müvafiq qaydada bu işlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bu gün gündəmdə Qüdsi Osmanov yox, dövlətimizin rəsmi nümayəndəsinin və dövlətimizin şərəfinin qorunması durur. Videogörüntülərdə canfəşanlıqla çıxış edən Aybəniz Səmədzadə, Sankt-Peterburq gəncləri arasında tanınmış, qeyri-kafi imicə malik olan, ailəsi tərəfindən rədd edilmiş bir şəxsdir. Ondan böhtan məqsədilə istifadə edənlərə həmin şəxsə vəkil tutmaq tərəfimdən tövsiyə edilib. Bu təxribatı törədən və kənardan idarə edən şəxslər birmənalı şəkildə qanun çərçivəsində cavab verəcəklər. Sosial şəbəkələrdə süni şəkildə yayılan yalan və böhtanlara gəldikdə, bu, təxribatı yaradanların çox rəngli fantaziyasından xəbər verir. Bir mənalı olaraq  bəyan edirəm ki, mənim ünvanıma Aybəniz Səmədzadə ilə bağlı səsləndirilən fikirlər əsasız və böhtandır. Bu təxribatın kim tərəfindən törədildiyi və hansı məqsəd daşıdığı yaxın zamanlarda aydın olacaqdır”.
DOSTLARINLA PAYLAŞ: