Azərbaycanın rayonlarında yağış və dolu yağacaq
27 İyul 2009 Bazar Ertəsi 12:20
Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək, arabir nisbətən güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 32-35 dərəcə, axşam 26-28 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

İyulun 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb, şimal küləyi əsəcək, günün ikinci yarısında yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 32-35 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

İyulun 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 22-24 dərəcə, gündüz 26-29 dərəcə isti olacaq. İyulun 30-da havanın buludlu olacağı, gündüz arabir açılacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 22-24 dərəcə, gündüz 27-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 28-də hava, əsasən yağmursuz keçəcək. Lakin ayın 28-də axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 35-39 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq. İyulun 29-30-da, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 28-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, sonrakı 2 gün ərzində arabir güclənən xəzri küləyi ilə əlaqədar temperaturların bir qədər mülayimləşməsi meteohəssas insanlar üçün əlverişlidir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar