Azərbaycanın neft hasilatı üzrə proqnozu azaldılıb
16 Yanvar 2010 Şənbə 19:00
Beynəlxalq Enerji Agentliyi (BEA) 2010-cu ildə Azərbaycanda neft hasilatında artımın əvvəl proqnozlaşdırılan səviyyədən nisbətən az olacağı ehtimalını nəzərə alaraq, qeyri-OPEK ölkələri üzrə qlobal proqnozunda dəyişiklik edib.
APA-nın "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, BEA öz proqnozunda 2008-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda baş vermiş qəzadan sonra ölkənin neft hasilatında artım tempinin 2010-cu ildə əvvəl proqnozlaşdırılan səviyyəyə çatmayacağı ehtimalını nəzərə alıb.

"2010-cu ildə yenə də Azərbaycanda neft hasilatının əvvəlki ilə nisbətən artacağı gözlənilir, amma 2008-ci ildəki qəzadan əvvəlki kəskin artım tempinin bərpa olunmaması ehtimalı var. Belə ki, ötən ilki gündəlik 1,1 mln. barel həcm ilə müqayisədə, bu il Azərbaycanda gündə 1,2 mln. barel neft hasil olunacağı proqnozlaşdırılır. Bu isə nəticədə qeyri-OPEK ölkələrinin 2010-cu il üzrə əvvəl proqnozlaşdırılan həcmdən daha az neft çıxaracağını gözləməyə əsas verir".

Beynəlxalq agentliyin gözləntilərinə görə, Azərbaycan da daxil olmaqla dünyada neftə olan təlabatın 60%-ni ödəyən qeyri-OPEK ölkələri 2010-cu ildə ümumilikdə gündə 51,5 mln. barel və ya əvvəl proqnozlaşdırılan həddən 150 min barel az neft hasil edəcəklər. Bunu kompensasiya etmək üçün OPEK ölkələrinin hasilatı təxminən 200 min barel artıracağı gözlənilir.

Qeyd edək ki, 2008-ci ilin sentyabr ayında «Mərkəzi Azəri» və «Qərbi-Azəri» hasilat platformalarında qaz sızması aşkar edildikdən sonra “Azəri-Çıraq-Günəşli” blokunda hasilat məhdudlaşdırılıb. Yaranan problem sonralar aradan qaldırılsa da, hasilatın artım tempi aşağı düşüb.

“Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində bp (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar