Azərbaycanın ən qədim insan məskənlərindən olduğu bir daha sübut edildi
11 İyul 2012 Çərşənbə 12:38
Ağsu rayonu ərazisində tapılan qədim dəfinə buna əyani sübutdur.
Azərbaycanda indiyə qədər aparılmış arxeoloji tədqiqatlar ölkəmizin dünyada ən qədim insan məskənlərindən və sivilizasiya yerlərindən biri olduğunun göstərir. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova çərşənbə günü Ağsu rayonu ərazisində tapılan qədim dəfinə ilə bağlı Azərbaycan Tarixi Muzeyi ilə birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan arxeologiyası çox inkişaf edir, bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Ağsuda aşkarlanmış qədim dəfinəni Azərbaycan üçün sensasiya sayan Rəhimova hazırda burada tədqiqatların davam etdiyini bildirib.

Tədqiqatların aparılmasına rəhbərlik edən Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev isə deyib ki, iyunun 22-də şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri aparılarkən bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə nümunələrindən ibarət dəfinə - 37 ədəd sikkə aşkarlanıb.

Onlardan bir ədədi 1781, bir ədədi 1786, üç ədədi 1787, bir ədədi 1796, 31 ədədi isə 1800-cü ildə zərb olunub. Aşkar olunmuş qızıl sikkələrin, demək olar ki, hamısı yaxşı vəziyyətdədir.

"Analoji sikkə nümunələri XVIII əsrdə dünyanın ən müxtəlif ölkələrində geniş yayılıb. Mütəxəssislərin fikrincə, o dönəmdə holland qızıl dukatları öz əhəmiyyəti etibarilə bugünkü ABŞ dolları mahiyyətində idi", - Q.Cəbiyev əlavə edib. O qeyd edib ki, iyulun 9-da Ağsuda daha bir qızıl nümunə - sinəbənd tapılıb.

Orta əsr Ağsu şəhərinin geniş şəkildə tədqiq edildiyini deyən Cəbiyevin sözlərinə görə, indiyədək aşkarlanmış nümunələr onu göstərir ki, 18-ci əsrdə Azərbaycan şəhərləri dünyanın bir çox şəhərləri ilə sıx əlaqə yaradıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar