Azərbaycanın baş naziri Ukraynaya gedib
19 Aprel 2011 Çərşənbə Axşamı 13:04
Azərbaycanın baş naziri Artur Rasizadə Çernobıl qəzasının 25 illiyinə həsr olunmuş sammitdə iştirak etmək üçün Kiyevə gedib.
APA-nın məlumatına görə, bu gün Kiyevdə Çernobıl layihələrinə maliyyə vəsaitinin toplanmasına həsr olunmuş donor konfransı keçirilir. Ukrayna 2000-ci ilin 15 dekabrında beynəlxalq birliyin tələbini qəbul edərək Çernobıl AES-in fəaliyyətini birdəfəlik dayandırıb Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması, AES-in istismardan çıxarılması, “Sığınacaq” obyektinin ekoloji təhlükəsiz sistemə çevrilməsi böyük maliyyə vəsaiti tələb edir. Hər il bu məqsəd üçün Ukraynanın dövlət büdcəsindən 100 milyonlarla dollar vəsait ayrılır.
“Sığınacaq” fonduna maliyyə vəsaiti cəlb etmək üçün xüsusi donor konfransları keçirilir. İlk belə konfrans 1997-ci ildə Nyu-Yorkda keçirilib və 343 milyon dollar ianə toplanıb. Lakin bu vəsait layihəni həyata keçirməyə imkan vermir, hazırda Ukraynanın Çernobıl layihələrini yekunlaşdırmaq üçün 740 milyon avro yardıma ehtiyacı var.
DOSTLARINLA PAYLAŞ: