Azərbaycanda yeni zavod işə başlayıb
11 Avqust 2011 Cümə Axşamı 11:38
Azərbaycanda metalkonstruksiya istehsal edən yeni zavod fəaliyyətə başlayıb.
«APA-Economics»in məlumatına görə, «Steel Structures» MMC adlanan yeni zavodun ümumi istehsal sahəsi 14 min kv. metr təşkil edir. Zavod eni 24 metr olan 3 böyük aşırımdan ibarətdir – burada yük götürmə qabiliyyəti 3 tondan 50 tona qədər 7 körpülü kran, yük götürmə qabiliyyəti 20 ton olan sex daxili arabalar, 3 və 5 tonluq yük götürən yükləyicilər və s. mövcuddur.
Keçmiş sovet avadanlıqlarından əlavə, zavod metalkonstruksiya istehsal etmək üçün Almaniya, Fransa, İtaliya istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunub. Bütün əsas avadanlıqlar müasir elektron idarəetmə sistemləri ilə təmin olunub ki, bu da öz növbəsində istehsal sahəsində operatorlara, zavod daxili mərkəzləşdirilmiş idarəetmə xidməti üzrə birbaşa və ya avadanlıqları istehsal edən zavodların mütəxəssisləri ilə internet vasitəsilə idarə olunma imkanı yaradır.
Zavodda quraşdırılmış avadanlıqlar metalkonstruksiya istehsalının əsas vacib məsələlərini həll etmək, yəni metalın paslanmadan təmizlənməsi, istehsalın dəqiqliyi, eyniliyi, bir-birini əvəzləmə, yığılma, keyfiyyətli boyalanma və s. qabiliyyətinə malikdir.
Qeyd edək ki, yeni yaradılmış metalkonstruksiya istehsal edən «Steel Structures» zavodu «Elektroterm» MMC-nin sahəsində, Dərnəgül şossesi ilə Məişət Kondisionerləri Zavodu arasında fəaliyyət göstərir. Zavod avtomobil və dəmiryolu nəqliyyatı üçün giriş yoluna malikdir.
DOSTLARINLA PAYLAŞ: