Azərbaycanda yaşayan hər bir kəs bizim dəyərli vətəndaşımızdır
08 Aprel 2011 Cümə 00:28
“Müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə - məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilib”
“Azərbaycanda bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır, bütün tarixi və dini abidələr qorunur. Azərbaycanda din azadlığı, vicdan azadlığı tam şəkildə bərqərar olunub. Müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə - məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilib və bu proses indi də davam edir”. Bunu Prezident İlham Əliyev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında deyib. “Yəni Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir”, - deyən İlham Əliyevin sözlərinə görə. hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Dövlət başçısı əminliyini ifadə edib ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür: “Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur. Həm tarixi keçmişimiz bugünkü şəraiti bizim üçün yaradır, həm də bu sahədə dövlət siyasətimiz birmənalıdır. Bir daha demək istəyirəm ki, bizim gücümüz birliyimizdədir. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs bizim dəyərli vətəndaşımızdır. Mən şübhə etmirəm ki, Azərbaycanda milli və dini dözümlülük məsələləri bundan sonra da uğurla öz həllini tapacaq, Azərbaycan vətəndaşları bundan sonra da bir ailə kimi yaşayacaqlar”.

“Azərbaycan islam dünyasının tərkib hissəsidir. İslam bizim dinimizdir, islam dəyərləri, milli dəyərlər bizim üçün çox əzizdir. Müstəqillik dövründə Azərbaycan çox böyük və uğurlu yol keçmişdir. Müstəqillikdən əvvəlki dövrdə milli mənsubiyyətimizi, milli xarakterimizi qoruyub saxlamaq üçün bizim tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz müstəsna rol oynayıb.Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür və müsəlman ölkələri ilə bizim çox sıx əlaqələrimiz var. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdi. 2018-ci il üçün isə bu şərəfli ada Azərbaycanın qədim şəhəri Naxçıvan layiq görülüb”, - deyə Prezident İlham Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan bütün dövrlərdə Qərb dünyasına da çox bağlı, çox yaxın olub. Müsəlman Şərqində ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda yaradılıb. Müsəlman Şərqində ilk teatr, məhz Azərbaycanda yaranmış, ilk opera burada səhnəyə qoyulub: “Qadınların səs vermək hüququ müsəlman aləmində ilk dəfə məhz Azərbaycanda təmin edilmişdir. Yəni bizdə dünyəvi dövlətin bu ənənələri var, baxmayaraq ki, uzun illər, əsrlər boyu Azərbaycan müstəqillikdən məhrum edilmişdi. Buna baxmayaraq, o vaxt qısamüddətli müstəqil həyatımız o qədər gücli ənənələr qoyub ki, bunlar bu gün də yaşayır və cəmiyyətimizin inkişafı üçün o ənənələrin müstəsna rolu var. Azərbaycan, eyni zamanda Avropa Şurasının üzvüdür. İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvlərinin sayı yüzdən artıqdır. Yəni bu, özlüyündə nadir bir təcrübədir. Təsadüfi deyil ki, mədəniyyətlərarası dialoqun keçirilməsi üçün məhz Azərbaycan həm coğrafi, həm tarixi baxımdan, həm bugünkü reallıqlar baxımından mərkəzə çevrilir. Biz bunu çox alqışlayırıq. Əlbəttə, təkcə bizim təşəbbüslərimiz bu məsələyə nail olmaq üçün kifayət etməzdi”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar