Azərbaycanda xaricilərə uşaq övladlığa vermə kəskin azalıb
15 Dekabr 2009 Çərşənbə Axşamı 11:40
Azərbaycan Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. APA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib.
Komitə sədrinin sözlərinə görə, bu, övladlığa uşaq verilməsi barədə yaranan problemlərin qarşını almaq məqsədi güdür. H. Rəcəbli deyib ki, layihədə nəzərdə tutulan dəyişikliklərdən biri qanunda himayədar ailə ilə himayəçinin nikaha daxil olmasının qadağan edilməsi ilə bağlıdır. Əlavə və dəyişikliklərə əsasən 60 yaşdan yuxarı və normal yaşamaq şəraiti olmayan insanlara övladlığa uşaq verilməyəcək.

Təklif edilən digər dəyişiklik himayəyə verilən uşaqların 18 yaşa qədər mülkiyyət hüququnun qorunması barədədir. Komitə sədri bildirib ki, indiyə kimi belə uşaqların mülkiyyətinə ya məmurlar, ya da qohum-əqrəbaları sahib dururdular: “Bu məsələ Ailə Məcəlləsində əks olunandan sonra problemlərin qarşısı alınacaq”.
Onun sözlərinə görə, əlavə və dəyişikliklər layihəsinin parlamentin gələn ilin yaz sessiyasına qədər qəbul olunması nəzərdə tutulur.

Komitə sədri, həmçinin deyib ki, son beş ildə Azərbaycanda xaricilərə uşaq övladlığa vermə kəskin azalıb, demək olar yox dərəcəsindədir: “Azərbaycan parlamenti xüsusi konvensiyaya qoşulub. Bu konvensiya xaricilərə övladlığa verilən uşaqlarla bağlı hər bir addımın izlənməsini nəzərdə tutur. Xaricilərə övladlığa uşaq verilmə ilə bağlı qanunvericilik bazası çox möhkəmdir və bütün uşaqların hüquqlarını qorumağa imkan verir”.

H. Rəcəbli hazırda Azərbaycanda uşaqların övladlığa verilməsi ilə bağlı iki cür yanaşma olduğunu da açıqlayıb: “Bəziləri mərhəmət baxımından uşaq övladlığa götürür. Əksəriyyət isə barter məqsədilə uşaq övladlığa götürməyə üstünlük verir. Barter məqsədi ilə övladlığa uşaq götürərkən istəyir ki, uşaq sağlam olsun, heç bir xəstəliyi olmasın. Bu gün 4 min ailə övladlığa məhz bu cür uşaq götürmək istəyir. Amma uşaq evlərində bu cür cəmi iyirmi uşaq var”.

Komitə sədri onu da deyib ki, mərhəmət baxımından uşaq övladlığa götürmək barədə Azərbaycan qanunvericiliyində heç bir problem yoxdur. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar