Azərbaycanda xanımlar üçün yay düşərgəsi açılıb
25 İyul 2011 Bazar Ertəsi 15:24
Mərasimdə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza da iştirak edib.
Azərbaycanda ilk dəfə yalnız xanımlar üçün yay düşərgəsi açılıb və ora kişilərə giriş qəti qadağandır. Amma qadağanı düşərgənin açılışını edən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza pozub.

5 günlük yay düşərgəsində Azərbaycanın 24 rayonundan 13-17 yaşlı 48 qız iştirak edir. Düşərgə “Komanda işi”, “Könüllü fəaliyyət” və “Münaqişə həlli” kimi liderlik vərdişlərinin inkişaf etdirilməsi, səhiyyə, fitnes, gender məsələləri və icmanın inkişafı kimi liderlər üçün mühüm ictimai məsələləri diqqət mərkəzində saxlayır. Qızların biliyinin, vərdişlərinin və töhfələrinin Azərbaycanın uğurunda çox mühüm rol oynadığını söyləyən diplomat bəyan edib ki, hər bir ölkə kimi, Azərbaycanın da qadın liderlərə ehtiyacı var.

“Məqədimiz ondan ibarətdir ki, birgə çalışaraq, strateji tərəfdaşlığımızın reallığını həyata keçirəcək Azərbaycanın növbəti lider nəslini yetişdirməkdə köməklik göstərək. Əgər qadınlar, qızlar cəmiyyətdə tam fəal şəkildə iştirak etmirlərsə, onlar kişilərin malik olduğu bərabər hüquqlara malik deyillərsə, demokratiya mümkünsüzdür”.

Qeyd edək ki, düşərgə Azərbaycanın müxtəlif bölgələrindən olan qızlara fərd olaraq özlərini sınaqdan keçirməyə, icma üzvləri və Azərbaycan vətəndaşları olaraq üzləşdikləri mühüm məsələləri müzakirə etməyə imkan verir. Düşərgə iyulun 29-na qədər davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar