Azərbaycanda vulkan püskürüb
04 Fevral 2010 Cümə Axşamı 18:25
Bu gün Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gurultulu səslə başlayan vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. Püskürmə 1 saata yaxın davam edib, formalaşan sarımtıl qara rəngli palçıq axını vulkanın qərb yamacı istiqamətində 1,5 hektar əraziyə yayılıb.

Aparılan monitorinq zamanı vulkanın şərq və qərb yamaclarında püskürmə nəticəsində müxtəlif ölçülü çatların əmələ gəldiyi, püskürmə baş verərkən isə vulkan brekçiyasında 20-30 dərəcə temperatur müşahidə olunduğu müəyyən edilib.

Qeyd edək ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 21 dəfə püskürüb, sonuncu püskürmə isə 2001-ci ildə baş verib. Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğu tərəfindən aparılan stasionar müşahidələr nəticəsində son dövrlər Xəzərin cənub hissəsində baş vermiş seysmik hərəkətlilik fonunda palçıq vulkanlarında nisbətən aktivlik müşahidə olunub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar