Azərbaycanda uşaq pulunun səviyyəsi niyə aşağıdır?
03 Dekabr 2011 Şənbə 16:54
İşləməyən anaya isə uşaq pulu verilmir.
Azərbaycanda son 7 ildə dünyaya gələn uşaqların sayı 2 dəfə artıb. Ötən il 155 min uşaq doğulubsa, gələn il bu rəqəm 190 minə çatacaq. Hər dünyaya gələn uşağa görə ailəyə 75 manat müavinət verilir. Həmçinin işləyən ana analıq məzuniyyəti dövründə hər ay üçün 20 manat müavinət alir. Əgər ana uşağın 1 yaş yarıma çatanadək evdə oturarsa, yenə də eyni müavinət, 3 yaşadək isə 15 manat ödənilir.

Bu yardımdan işləməyən analar məhrumdur. Onlar yalnız birdəfəlik 75 manatlıq yardım ala bilərlər. Bu rəqəmlərə görə, Azərbaycan bəlkə də, dünyada son sıralardan birini tutur. Çünki, uşağa aylıq ödənilən məbləğ onun bezinə də çatmır.

Həqiqət Dadaşova 5 uşaq böyüdüb. Bir vaxtlar uşaqlarına verilən pulla, nəvələrinə edilən yardımı müqayisəyə gəlməz sayır: "20 manat çox az puldur. Sovet vaxtı 3 uşaq üçün uşaq pulu alırdım. Digər 2 uşağımın vaxtında isə dövran dəyişdi, o vaxt 12 manat, 36 manat alırdım. Uşağın yeməyinə bəs edirdi,amma indi 20 manatla heç nə etmək olmur, 1 pampers paketi 16-18 manatdır, o da həftəyə bəs edər".

Xarici ölkələrdə uşaq pulu qat-qat yüksəkdir

Xarici ölkələrdə isə bu yardımlar qat-qat yüksəkdir. Məsələn, Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır. Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollardır. Uşaq artıqca mavinətin məbləği də 2 dəfə artır.
Avropada bu məbləğ daha yüksəkdir. Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Britaniya vətəndaşı olan uşaqlara ayda təxminən 150 funt sterlinq pul ayırır. Birdəfəlik müavinət isə 500 funt sterlinqdən artıqdır. Ərəb ölkələrində bu rəqəmlər fantastikdir.

Ölkəmizdə isə nəinki bu məbləğdə müavinət verilmir. Hətta imtiyazlardan belə hər kəs yararlana bilmir. Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirirlər ki, uşaq pulundan hər kəsin yararlana bilməməsini yardımların ünvanlılıq prinsipilə tənzimlənməsində görür. Yəni yardımı ehtiyacı olanlar almalıdır. Məsələn, hazırda 1 yaşadək olan 165 min uşaqdan aztəminatlı ailədən olan 11-mini sosial müavinət alır.

Vəziyyətdən çıxış yolu kimi sosial xidmətlərin yaradılmasi təklif olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə DK-nın şöbə müdiri Taliyə İbrahimova deyir ki, beynəlxalq təcrübə gösərir ki, aliəyə müavinət, maddi yardım göstərməklə bərabər ailələrə müvafiq xidmətlər göstərilməlidir, yoxsulluğun azaldılması barədə dövlət proqramında da bu məsələ əksini tapıb.

Rəsmilər də ailələrə ayrılan yardımların azlığı ilə razılaşırlar

Rəsmilər də ailələrə ayrılan yardımların azlığı ilə razılaşırlar. Bununla bağlı müvafiq qurumlara müraciətlər də olub.

"Təbii ki, biz də komitə olaraq deyirik ki, ailəyə təyin edilən müavinətlər aşağıdır. Bununla bağli təkliflər vermişik", deyə Taliyə İbrahimova bildirib.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə deyir ki, bu rəqəm minimum yaşayış səviyyəsi, minimum əmək haqqına bağlıdır, əgər artım olarsa, həmin götəricilərdə də artım olacaq.

Gənc ailələrin sosial müdafiəsi haqqında qanun qəbul ediləcək

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirir ki, gələn il yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulan "Gənc ailələrin sosial müdafiəsi" haqqında qanun bu istiqamətdə fəaliyyətin bir hissəsinin təşkil edəcək. Qanunda sosial durumu aşağı olan ailələrə faizsiz ipotka kreditlərinin verilməsi nəzərdə tutulur, özü də daha uzunmüddətli. "Gənc ailələrin sosial müdafiəsi" haqqında qanun ailə üzvlərindən birinin daimi iş yeri ilə təminatına yardım edəcək.

Həmçinin sosial xidmət haqqında qanun uşağa qulluğun digər formaları, o cümlədən həm dövlət, həm də özəl qurumların qayğısı, dayələrin bu işə cəlbi məsələsini ortaya qoyacaq. Xaricdə hər doğulan uşağın hesabına pul köçürülməsi, adına hesab açılması məsələsinə isə Hadi Rəcəblinin münasibəti belə oldu. Bu sistem özünü doğrultmur. Bizim öz siyasətimiz, öz qanunlarımız var. Başqa sözlə, həvəsləndirici yardımı o dövlət edir ki, onlarda təbii artim aşağıdır.

Ekspertlərin fikrincə, dövlət bu cür yardımların məbləğini artırmamaqla, doğuşun səviyyəsini balanslaşdırmağa çalışır. Sual çıxır - birdəfəlik müavinətin məbləği 75 manatdan 100 manata qaldırılsa, kim 25 manata görə uşaq dünyaya gətirmək həvəsinə düşər? Axı bunun bir qucaq əziyyəti var?


DOSTLARINLA PAYLAŞ:

oyunlar