Azərbaycanda unikal CPS stansiya quraşdırılıb
01 Noyabr 2013 Cümə 18:11
Yaxın günlərdə Saatlıda fəaliyyətə başlayacaq stansiya dünyada qazılmış ən dərin quyulardan birinin üzərində quraşdırılıb.
Ölkədə baş verə biləcək zəlzələlərin ocaqlarını müəyyən etmək üçün zəlzələ təhlükəsi olan yerlərdə CPS stansiyalardan quraşdırılır. Bu stansiyalar zəlzələ ocağını müəyyən etdikən sonra həmin ərazini nəzarətə götürür. CPS stansiyalar baş verə biləcək zəlzələnin dəqiq vaxtını deyə bilməsə də, təhlükənin yaxınlaşması haqqında məlumat vermə qabiliyyətinə malikdir. Artıq ölkədə quraşdırılan bu tip stansiyaların sayı 22-dir.

Respublika Seysmoloji Xidmət Mərkəzi yer qabığında baş verən prosesləri daha yaxından və dəqiq izləmək üçün bölgələrdə unikal CPS stansiyaların quraşdırılmasına başlayıb. Bu stansiyalar ərazilərdəki seysmik stansiyaların ətrafında quraşdırılır ki, bu da yer kürəsində tektonik hərəkətlərin sürətini, istiqamətini müəyyən edir. Quraşdırılan CPS stansiyaları potensial zələzələ ocaqlarını aşkarlayaraq əldə edilən informasiyanı xüsusi qurğu vasitəsi ilə kompyuterə ötürür və beləcə baş verə biləcək zəlzələnin məkanı əvvəlcədən müəyyən edilir. Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli stansiyaların köməyi ilə tektonik qırılmalar barəsində dəqiq məlumat əldə edildiyni, lakin zəlzələnin hansı saatda baş verəcəyini proqnozlaşdırmağın bir qədər çətin olduğunu deyir: “Zəlzələlər var ki, 700 km-ə qədər gedir, o ani bir vaxtda prosesi gözləyirsən. Lakin hansı gün, hansı saatda, hansı gücdə baş verəcəyini bilmək çətin məsələdir, demək qeyri-mümkündür. Bizim gələn ilə ayrı planlarımız var, dənizdibi seysmik stansiyalar quraşdırılmayıb. Bu yaxınlarda bu işə başlanacaq”.

Xəzər dənizindəki Çilov adasında da bu tip stansiya quraşdırılıb. Yaxın günlərdə Saatlıda fəaliyyətə başlayacaq stansiya isə unikallığı ilə seçilir. Bu stansiya dünyada qazılmış ən dərin quyulardan birinin üzərində quraşdırılıb. Digər stansiyalardan fərqli olaraq yer qabığının ən dərin qatlarındakı tektonik hərəkətlərin sürət fərqinin müəyyən edilməsi ilə yanaşı, həmin hərəkətlər nəticəsində gərginlik yaranan sahələr daha tez aşkar olunacaq. Hazırda mərkəz tərəfindən bölgələrdə, ümumilikdə, 35 seysmik stansiya, 22 CPS stansiya quraşdırılıb. CPS stansiyaların sayının 25-ə çatdırılması gözlənilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar