Azərbaycanda turizm mövsümü başladı
18 İyun 2011 Şənbə 01:22
Əbülfəs Qarayev: “Azərbaycanın istirahət zonalarında qiymətlər ötən ilə nisbətən 8-15 faiz aşağı düşüb”.
Azərbaycanda turizm mövsümü açıq elan olunub. Mədəniyyət və Turizm Nazirliyi bununla əlaqədar “Ramada” hotelində mərasim təşkil edib. Xarici ölkə səfirlikləri və turizm şirkətləri nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizmin imkanları və inkişaf perspektivləri barədə məlumat verib. O, bildirib ki, ölkəmizdə turizm mövsümü ənənəvi olaraq iyunun ortalarından başlayır: “Ötən il 200 mindən artıq Azərbaycan vətəndaşı bölgələrdə istirahət edib. İndi Azərbaycanın istirahət zonalarında qiymətlər ötən ilə nisbətən 8-15 faiz aşağı düşüb. Respublikada bu il 6 beşulduzlu hotelin açılması gözlənilir. Bütün bunlar, eləcə də ölkəmizdə keçirilən beynəlxalq tədbirlər xarici turistlərin cəlb olunmasında mühüm rol oynayır”. Turizm sənayesində kadr hazırlamaq üçün 3 yeni təhsil mərkəzinin yaradılacağını bildirən nazir deyib ki, gələn il Bakıda “Eurovision” mahnı yarışmasının keçirilməsi də qarşıya ciddi vəzifələr qoyur: “Bu münasibətlə ölkəmizə gələn qonaqları qarşılamağa və Azərbaycanın təbii gözəllikləri ilə tanış etməyə hazır olmalıyıq”.
Nazir Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin də turizmə əvəzsiz töhfələr verəcəyindən danışıb və qonaqların ölkəmizin görməli yerlərindən və müalicə sanatopiyalarından xoş əhval-ruhiyyə ilə qayıdacaqlarına əminliyini bildirib.
Sonra incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: