Azərbaycanda sümüksüz ətin satışı qadağan olundu
23 Yanvar 2014 Cümə Axşamı 16:36
Qadağa mənşəyi məlum olmayan ətlərin qarşısını almaq üçün nəzərdə tutulub.
Ölkədə sümüksüz ətin satışı qadağan olunub. Məsələ ilə bağlı ANS PRESS-ə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli bildirib ki, yeni qadağa mənşəyi məlum olmayan ətlərin qarşısını almaq üçün nəzərdə tutulub:

"Sümüksüz ətin qadağası ilə bağlı qərar hələ 2010-cu ildən verilib. Bir həftə bundan öncə isə bu məsələ yenidən qərarlaşdırılıb. Yeni qərara əsasən sümüksüz və farş formasında olan ətlərin satışı qadağan edilib. Bu at və uzunqulaq ətlərinin dönərxanalarda, ictimai iaşə obyektlərində və restoranlarında satılması faktları ilə əlaqədar atılmış addımdır. Bu səbəbləri nəzərə alaraq Bakı Şəhər Baytarlıq İdarəsi tərəfindən müvafiq qərar verilib. Yeni qadağanın tətbiqində məqsəd alıcıları sağlam və keyfiyyətli ət məhsulları ilə təmin etməkdir. Əhali sümüksüz əti ət dükanlarından, mağazalardan tələb edə bilər. Yəni alıcının gözünün qabağında ət sümükdən təmizlənir və alıcıya təklif edilir".

Yolçu Xanvəli həmçinin əlavə etdi ki, ət emal edən müəssələr yalnız müəyyən şərtlərlə sümüksüz ət istehsal edə bilərlər:

"Sümüksüz ətin emalı ilə məşğul olan müəssələr Dövlət Baytarlıq Xidmətinin tələb etdiyi şərtlərə uyğun olaraq fəaliyyət göstərə bilərlər. Yəni müəssəinin laboratoriya şəraiti təmin olunmalı, emal olunacaq ət Baytarlıq Ekspertiza Labaratoriyasından keçirilməli, ətin üzərində xüsusi icazəsi, baytarlıq şəhadətnaməsinin surəti, həmin müəssənin ünvanı, əlaqə nömrəsi, aparılan baytarlıq müayinəsinin nəticəsi kimi məsələlər məhsulun üzərində qeyd olunmalıdır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar