Azərbaycanda sığorta tələsi yazısına qayıdış...
16 Noyabr 2012 Cümə 12:31
Yaxud jurnalistə araşdırma aparmağa qadağa qoymaq düzgündürmü?
Noyabrın 2-də ANS PRESS.com portalında “Azərbaycanda sığorta tələsi” başlığı altında ölkənin sığorta şirkətləri ilə avtomobil sahibləri arasındakı münasibətlərdən söhbət açılmışdı. Həmin yazıya 8 noyabrda Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin sədri öz etirazını bildirib. Onun məktubunda yazıda qeyd olunan bəzi məqamlarla bağlı şəxsi düşüncələri və mülahizələri yer alıb. Konkret olaraq qurumun rəhbəri “Azərbaycanda sığorta tələsi” başlıqlı məqalədə sığorta şirkətlərinin işgüzar nüfuzuna xələl gətirən, böhtan xarakterli və qanunvericiliyə zidd olan məlumatların dərc edildiyini” iddia edib. Qurum rəhbəri məqalənin başlığının “Azərbaycanın sığorta bazarının, konkret olaraq bu sahədə fəaliyyət göstərən sığorta şirkətlərinin təhqir edilməsi” kimi başa düşüb.

Biz də öz növbəmizdə jurnalistika prinsiplərini rəhbər tutaraq cənab A. Əliyevi narahat edən məqamlarla bağlı bəzi dəqiqləşdirmələr aparmaq qərarına gəldik. Məsələn A. Əliyev deyir ki, sığorta agentləri Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin verdiyi lisenziya əsasında fəaliyyət göstərir. Və yazının müəllifi Çingiz Rüstəmovu sığorta agentlərinin “reketliklə” məşğul olduqlarını iddia etməsini nöqsan kimi qeyd edir. Əvvəla onu bildirək ki, yazı müəllifi təqdim etdiyi statistik rəqəmləri Maliyyə Nazirliyinin operativ məlumatlarına istinadən verib.

Orada qeyd olunur ki, 2012-ci ilin ilk doqquz ayı ərzində Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplam sığorta yığımı təxminən 53 milyon 425 min manat təşkil edib. Maraqlıır ki, bu məbləğdən bu sığorta növü üzrə cəmi 3,349 milton manat ödəniş edilib. Yəni bu ümumi məbləğin 6,2 faizini təşkil edir.Hər halda ümid edirik ki, cənab A. Əliyev jurnalistə yerdə qalan məbləğin hara getməsini araşdırmağa cəhd etməsinə qadağa qoymaq niyyətində olmaz. Bu bilavasiə jurnalistin hüququdur. Eyni zamanda bu məsələ öz ciblərindən sığorta şirkətlərinə pul ödəyən avtomobil sahiblərinin də marağındadır. Jurnalist isə öz peşəkar jurnalistika borcunu yerinə yetirərək bunu araşdırmağa çalışıb.

Ekspertlərin rəyinə gəldikdə isə Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyev avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 53 milyon 425 min manat toplam sığorta yığımından cəmi 3,349 milyon manat ödəniş edilməsini kifayət qədər az sayır. İqtisadçı-ekspert bu ödənişin sığorta yığımının ümumi məbləğinin 6,2 faiz təşkil etməsindən narahatdır: “Dünya praktikasına görə, bu məbləğ ən azı 40-60 faiz olmalıdır”. Bundan çıxış edərək jurnalistin yerdə qalan məbləğin hara yönəldiyini maraqlanması təbiidir.

A. Əliyev məktubunda müəllifin məqalədə “hüquqi şəxsin nüfuzunu ləkələyən məlumatları yaydığını” iddia edir. Qeyd edək ki, yetərincə peşəkar jurnalist olan Çingiz Rüstəmov yazısında hər hansı şirkətin və yaxud da cənab A. Əliyevin hüquqi şəxs adlandırdığı qurumun adını çəkməyib. Belə olan halda hər hansı “hüquqi şəxsin nüfuzunu ləkələyən məlumatlar yaymaq” faktından söhbət belə gedə bilməz.

Oqtah Haqverdiyev həmçinin sığorta şirkətləri tərəfindən qəza halları zamanı avtomobilləri yerindən tərpətməməyi tələb etmələrini qəbuledilməz sayır. İqtisadçı-ekspert tıxac problemi yaşayan şəhərin küçələrini hansısa sığorta şirkətlərinin kaprizləri ilə idarə etməyin dünyanın heç bir yerində qəbul olunan praktika olmadığına da diqqət çəkib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar