Azərbaycanda sığorta tələsi.
02 Noyabr 2012 Cümə 17:58
ANS PRESS sığorta şirkətlərinin avtomobil sahiblərinə fırıldaq gəlməsinin sirlərini araşdırıb
İndi sürücülərin çoxu avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına bir növ biyar kimi baxırlar və nə vaxtsa işlərinə yarayacağına inanmırlar. 45 yaşlı Bakı sakini Sabit də belələrindəndir. Bu yaxınlarda yolda normal sürətlə getdiyi zaman qarşısına körpə uşaq çıxdığından sükanı kənara dartmalı olmuşdu və yolun kənarındakı maşına yüngülcə dəymişdi. “Mən sığorta şirkətinə zəng eləmədim, maşın sahibi ilə şifahi razılaşdıq - 300 manat istəyirdi, 250-yə razı saldım və məsələ bitdi”,- deyə Sabit ANS PRESS əməkdaşı ilə söhbətində bildirib. Halbuki, bağlanmış icbari sığorta müqaviləsinə görə, həmin pulları sığorta şirkəti ödəməli idi. “Sığorta şirkəti mənə pul verməyəcəydi, aparacaqdı öz ustasının yanına, o da deyəcəkdi ki, 3 ay gözləməlisiniz, əlimdə iş var. Bu da avtomobil sahibi üçün əlverişli olmayacaqdı, adam məndən maşınının dərhal düzəldilməsini istəyəcəkdi və buna da haqqı var idi”,- deyə Sabit vurğulayıb.
Sabit sükan arxasında oturan yüzlərlə tanışının təcrübəsinə əsaslanaraq bunları deyir. Yəni Azərbaycanda əksər sürücülər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına ildə təxminən 50 manatdan 250 manatadək dəyişən izafi xərc kimi baxırlar. Çünki sığorta halı yaranan zaman ödədikləri illik sığorta haqqının qarşılığında heç bir yardıma ümid etmirlər. Bunu 2012-ci ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığılmış sığorta haqları ilə sığorta halları üzrə ödənişlər arasında yaranmış fərq də göstərir. Maliyyə Nazirliyinin operativ məlumatlarına görə, ilin ilk doqquz ayı ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplam sığorta yığımı təxminən 53 milyon 425 min manat olub. Halbuki həmin müddətdə sığorta şirkətləri bu sığorta növü üzrə 3 milyon 349 min manatdan azacıq çox, yəni təxminən 6,2% ödəniş ediblər. Bu, dünyanın inkişaf etmiş ölkələrinin aparıcı sığorta şirkətlərinin sığorta halları üzrə gerçəkləşdirdiyi orta ödəniş səviyyəsindən təxminən 10 dəfəyə qədər aşağıdır. Bu ölkələrdə əhali yığdıqları vəsaitin 60 faizinə qədərini sığorta halları üzrə ödənişlərə yönəltməyən şirkətlərə etibar etmir.
ANS PRESS-in araşdırmasına görə, Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərin səviyyəsinin bu qədər aşağı olmasının kökündə sığorta şirkətlərinin Dövlət Yol Polisi (DYP) tərəfindən tərtib edilmiş protokolları qəbul etməməsi dayanır. Sığorta şirkətləri müştəridən qəza halları zamanı avtomobilləri yerindən tərpətməməyi tələb edirlər və sonra özləri gələrək, ölçü-biçi işləri aparırlar. Adətən bu, DYP təmsilçiləri tərəfindən qəbul edilmir, onlar adətən nizamnaməyə uğun olaraq, öz ölçmələrindən sonra yol-nəqliyyat hadisəsi iştirakçılarından yolun hərəkət hissəsini azad etməyi tələb edirlər və bu, məntiqlidir. Tıxac problemi yaşayan şəhərin küçələrini hansısa sığorta şirkətlərinin kaprizləri ilə idarə etmək dünyanın heç bir yerində qəbul olunan praktika deyil. Mentalitetcə bizə çox yaxın olan qonşu Rusiyada belə sığorta şirkətləri DYP-nin protokolu əsasında qərar verirlər, Azərbaycanda isə absurd praktika ifrata varır: sığorta agenti həm də yol hərəkəti qaydaları üzrə mütəxəssis kimi fəaliyyət göstərir. Rusiyada sığorta agentləri yalnız avtomobilin zədəsinin qiymətləndirilməsində özləri iştirak edirlər və avtomobil sahibləri vuruqların çoxunun bilərəkdən göstərilməməsindən şikayətçidirlər. Yəni qəzadan sonra avtomobildə yaranmış hər hansı bir cızıq sığorta agentinin tanışı olan avtomobil eksperti tərəfindən bilərəkdən köhnə kimi göstərilir və onun təmiri üçün vəsait hesablanmır. Maşınların detallarının işlənmiş olması da nəzərə alınır və onların təzələrinin qiymətindən amortizasiya əmsalı çıxılır. Halbuki, Rusiya Nazirlər Kabinetinin qərarı ilə avtomobillərin bir sıra detalları təmir edilərkən yalnız təzələri ilə əvəzlənməlidir. Ona görə də təmir emalatxanaları təzə detallar qoyurlar və bu zaman sığorta şirkətinin verdiyi məbləğ görülən işlər üçün yetmir. Yəni göründüyü kimi, şimal qonşumuzun avtomobil sahibləri yetərincə imtiyazlı durumdadır. Bundan başqa, “İcbari sığortalar haqqında” qanunda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında bildirilir ki, hadisənin baş verməsi hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlarla əlaqədar olduqda da sığorta ödənişi verilmir. Yəni burada avtonəqliyyat vasitəsi sahibinin günahsız olması aydın ola-ola bilərəkdən sığorta ödənişi bazası daraldılır.
Maraqlıdır ki, bəzən sığorta şirkətinin sığorta halı üzrə ödənişləri həqiqi zərərçəkmişlərə yox, dələduzlara çatır. Bu barədə sığorta şirkətləri tərəfindən dəstəklənən internet resurslarında yetərincə material var. Adətən bu işdə ayrı-ayrı sığorta agentlərinin də əli olur. Yəni dəstə yaranır və bunlar dələduzluqla müxtəlif variantlar işlədirlər. Məsələn, park vəziyyətində olan avtomobillərin əzilməsi ilə bağlı sui-istifadələr geniş yayılıb. Yəni yük maşını ilə hər hansı minik maşını vurulur və adətən yük maşını bundan zərər görmür. Daha sonra hər iki avtomobilin sahibi və sığorta agenti sövdələşərək sığorta şirkətindən ödəniş alırlar.
Sığorta agentləri bəzən şirkət rəhbərliyindən xəbəri olmadan da yol-hərəkət qaydalarının iştirakçılarından qanundankənar pullar tələb edirlər. Məsələn, sığorta agenti müştərisi olan maşını vurmuş avtomobilin sahibindən sığorta ödənişi kimi verdikləri pulu tələb edir, bunun tam qanuni olduğunu deyərək, onu inandıra bilir. ANS PRESS-in araşdırmasına görə, günahkar avtomobillərin sahibləri belə halların 90%-də özlərini günahkar bilərək həmin sığorta agentinə pul ödəyirlər. Halbuki, bu zaman sığorta agentinin qanundankənar reket fəaliyyəti ilə məşğul olduğu göz qabağındadır.
“Müstəqil Nəqliyyatçılar” İctimai Birliyinin (İB) rəhbəri Natiq Ələkbərov bildirir ki, sığorta şirkəti ilə onun müştərisinin avtomobilini vurmuş nəqliyyat vasitəsinin yiyəsi arasında hər hansı bir öhdəlik müqaviləsi olmadığından heç bir ödənişdən söhbət gedə bilməz: “Sığorta şirkətləri avtomobil sahiblərinin bu sahədə savadsız olmasından sui-istifadə edirlər. Bu, bir növ aldatmadır”. Onun fikrincə, sürücülər bu sahədə biliklərini artırmalıdırlar ki, bu cür möhtəkirliklərin qurbanı olmasınlar.
O, həm də yol hərəkət hadisələri zamanı sığorta agentlərinin iştirakı da olmadan keçinməyi, yəni DYP təmsilçilərinin protokolu ilə keçinməyi mümkün sayır: “Bunun üçün avtomobil yiyəsi bağladığı sığorta müqaviləsinə xüsusi bənd salmağı tələb etməlidir. Bizdə müqavilə bağlananda, sürücünü birinci maraqlandıran məsələ ödəyəcəyi məbləğdir, heç kim müqavilə şərtləri ilə maraqlanmır. Sığorta halı olanda isə müqavilə ortaya çıxır və sürücü fakt qarşısında qalır. Halbuki, sığorta şirkəti elə bəri başdan müqavilə bağlanarkən ödənişdən yayınmağın qeydinə qalırlar”, - deyə Natiq Ələkbərov vurğulayır.
İB rəhbərinin fikrincə, bu məsələdə sürücülərin maraqlarının qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən standart müqavilə formasının hazırlanması mümkündür: “Bu məsələdə sürücülərlə sığorta şirkətləri arasında münaqişələr yarandıqca, bu problem mütləq gündəmə gələcək və dövlət bu məsələyə qarışmalı olacaq”.
DOSTLARINLA PAYLAŞ: