Azərbaycanda “quş qripi” yoxdur!
27 May 2010 Cümə Axşamı 16:15
Dövlət Baytarliq Xidməti monitorinqin nəticələrini açıqladı.
Mayın 17-dən etibarən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində aparılan növbəti monitorinqin nəticələri açıqlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarliq Xidməti mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, müayinə olunmuş nümunələrin heç birində “quş qripi ” xəstəliyinin törədicisi müəyyən edilməyib.
Qeyd edək ki, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 12 baş çöl quşunun patoloji materialı, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1160 baş ev quşunun qan nümunələri, eləcə də 7 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.
Bu nəzarət tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.
Xatırladırıq ki, “quş qripi” xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Ovçular Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.
Dövlət Baytarlıq Xidməti ölkəmizin “quş qripi” xəstəliyinə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında quş qripi xəstəliyinin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparılmasını nəzərdə tutur.
Hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: