Azərbaycanda qənd bahalaşıb
08 Fevral 2011 Çərşənbə Axşamı 23:00
Məhsulun bahalaşmasının səbəbkarı kimi dünya bazarında şəkərin qiymətinin artması göstərilir
Son bir neçə gündə dükanlardan şəkər tozu və ya qənd alanlar artıq bilir ki, qiymət əvvəlki qiymət deyil. Bahalaşmanı həm toptansatış məntəqələri, həm də istehsalçılar təsdiqləyir. Qiymət artımının səbəbkarı kimi isə dünya bazarında şəkərin qiymətinin artması göstərilir. Satıcı Cəbrayıl İsrafilov qəndin 1 kiloqramını 1 manat 18 qəpiyə aldıqlarını və 1 manat 20 qəpiyə satdıqlarını deyib: “Topdansatış qiymət 1 manat 18 qəpikdir. Qəndin qiyməti 2-3 gün olar ki, təxminən 5-6 qəpik bahalaşıb. Bir həftə ərzində qiymət aldığımız yerdə qalxıb, ona görə də bizdə qaldırmışıq”.
Qiymət artımını istehsalçılar da təsdiqləyir. Ölkənin ən iri şəkər istehsalçısı olan şirkətdən ANS-ə verilən məlumata görə, qiymət artımı dünya bazarında şəkər çuğundurunun bahalaşmasıyla bağlıdır. Belə ki, artıq bir neçə aydır ki, birjalarda şəkər bahalaşır. Amma istehsalçı şirkət anbarlarda kifayət qədər məhsul ehtiyatı olduğundan bu vaxta kimi qiymətləri artırmamışdı. İndi ehtiyatlar tükənib, yeni alınan məhsul isə artıq baha qiymətə gətirildiyindən pərakəndə satışda qiymət artımı qaçılmaz olur. Hökumətdə də bildirirlər ki, şəkərin qiymətində cüzi artım var və bu, dünya bazarında məhsulun bahalaşması ilə əlaqəlidir.
Xatırladaq ki, fevralın 2-də dünya bazarında şəkərin qiyməti son 30 ildə ən yüksək həddə çataraq kiloqramı 83 sent təşkil edib. Buna səbəb ən iri şəkər ixracatçısı olan Avstraliyada hava şəraiti nəticəsində məhsula dəyən ziyandır. Ümumilikdə isə birjalarda şəkər ötən ilin yay aylarından bahalaşmağa başlayıb. Bunun səbəbi isə avqust-sentyabr aylarında Braziliya və Hindistanda şəkər istehsalının 25 faiz azalması barədə xəbərlər olub. Hazırda birjalarda şəkərin kiloqramı 66 sentdən baha satılır.
Qeyd edək ki, Azərbaycanda şəkər istehsal olunsa da, tələbatı ödəmədiyindən xarici dövlətlərdən də ölkəmizə məhsul gətirilir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkənin şəkərə olan tələbatı 140 min tondur. Amma Azərbaycanda cəmi 36 min ton şəkər istehsal olunur. Tələbatın qalanı isə xaricdən gətirilən məhsul hesabına ödənilir. Bu məhsul əsasən Braziliya, İran, Rusiya və Finlandiyadan gətirilir.
DOSTLARINLA PAYLAŞ: