Azərbaycanda ov mövsümünə start verilib
12 İyun 2010 Şənbə 15:05
Ovçular çaqqal ovlamaq üçün 3 manat 96 qəpik, təkə ovlamaq üçün 24 manat 75 qəpik rüsum ödəməlidir.
Bakı. İlhamə İsabalayeva-APA. 2010-2011-ci il üçün Azərbaycan ərazisində ov mövsümü iyunun 5-dən başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, ov mövsümündə vəhşi heyvanların ovlanması üçün konkret tarixlər müəyyən edilib. Təkənin 5 iyun-23 oktyabr, qabanın (çöl donuzu) 13 sentyabr -25 dekabr, dovşanın 11 dekabr (2010-cu il)- 5 fevral (2011-ci il), bataqlıq qunduzunun (nutriya) 16 oktyabr (2010-cu il)- 26 fevral (2011-ci il) tarixlərində nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir. Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onları ilboyu ovlanmaq olar. Ov etmək üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır.

Birdəfəlik ov icazəsinin qiyməti isə dovşan üçün 2 manat 20 qəpik, çaqqal üçün 3 manat 96 qəpik, yenota və qunduza 1 manat 65 qəpik, təkəyə 24 manat 75 qəpik, qabana (çöl donuzu) 16 manat 50 qəpik müəyyən edilib. Nazirlik Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafında olan 1 kilometrə qədər sahələrdə ova qadağan qoyub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar