Azərbaycanda ov mövsümü başladı
04 İyun 2011 Şənbə 03:30
Ov icazəsinin qiymətləri, ova icazə verilən və verilməyən ərazilər...
Azərbaycanda bu gündən 2011-2012-ci illər üçün ov mövsümü açıq elan ediləcək. Bu barədə ANS PRESS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə bildirib. Onun sözlərinə görə, ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır.

Birdəfəlik ov icazəsinin qiyməti dovşan ovlanması üçün 2,2 manat, çaqqal üçün - 3,96 manat, yenot və qunduz üçün - 1,65 manat, təkə üçün - 24,75, qaban (çöl donuzu) üçün 16,50 manat müəyyən edilib.

Hikmət Əlizadə bildirib ki, Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilir.

Departamentin direktor müavini qeyd edib ki, həmçinin ölkə ərazisində 2011-2012-ci illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və əraziləri müəyyən edilib. Belə ki, təkə iyunun 4-dən oktyabrın 29-dək Zaqatala, Şəki, Qax, Oğuz, Quba rayonlarında, qaban (çöl donuzu) sentyabrın 10-dan dekabrın 24-dək Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı rayonlarında, dovşan noyabrın 12-dən 2012-ci il yanvarın 7-dək Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarında, bataqlıq qunduzu (nutriya) oktyabrın 15-dən 2012-ci il fevralın 25-dək nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir, çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar