Azərbaycanda ölkədaxili aviareyslərin qiyməti endirilib
15 İyun 2011 Çərşənbə 15:18
Azərbaycanda 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə əlaqədar, o cümlədən daxili turizmin inkişafı üçün əlverişli şəraitin yaradılması üçün «Azərbaycan Hava Yolları» QSC (AZAL) öz imkanları hesabına ölkə vətəndaşları üçün ölkədaxili aviareyslərə yeni güzəştli tariflər tətbiq edib.
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, bu gündən etibarən Bakı-Gəncə, Bakı-Lənkəran və Bakı-Zaqatala marşrutları üzrə Azərbaycan vətəndaşları üçün bir istiqamətə aviabiletin qiymətləri müvafiq olaraq 40 manat, 25 manat və 35 manat təşkil edir. Sözügedən güzəştli tariflər cari ilin dekabr ayının 31-dək davam edəcək.
Qeyd edək ki, bundan öncə Bakı-Gəncə marşrutu üzrə bir istiqamətə biletin qiyməti 56 manat, Bakı-Lənkəran marşrutu üzrə 41 manat, Bakı-Zaqatala marşrutu üzrə isə 52 manat təşkil edirdi. APA
DOSTLARINLA PAYLAŞ: